Rəşad Sadıqov Elnur Allahverdiyevlə mübahisəsinə aydınlıq gətirdi
18.03.2010 - 18:30
Rəşad Sadıqov Elnur Allahverdiyevlə mübahisəsinə aydınlıq gətirdi
“Elnur Allahverdiyevlə aramızda problem yaranmayıb. Sadəcə, “Xəzər-Lənkəran”la oyunda onun qırmızı vərəqə almasından sonra meydandan gec çıxmasına bir az əsəbiləşmişdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov deyib.

Azərbaycan kuboku uğrunda 1/4 final mərhələsi çərçivəsində “Xəzər-Lənkəran” – “Qarabağ” matçında (1:0) Elnur Allahverdiyevin qırmızı vərəqə aldığı epizod diqqət mərkəzinə düşdü. Həmin vaxt baş hakim Vüsal Əliyevin ünvanına xoşagəlməz sözlər işlədən Elnur elə aqressiv idi ki, komanda yoldaşlarının onu sakitləşdirməsi, hətta Rəşadın meydandan çıxmaq tələbinə də məhəl qoymurdu. Nəticədə milli komandamızda da bir yerdə oynayan müdafiəçilər sözləşdilər. Allahverdiyevin meydançadan çıxarkən, geri boylanıb, Sadıqova nə deməsi maraq doğururdu: “Elnur mənə tərəf çönüb dedi ki, həmin epizodda qırmızı vərəqə yox idi. Mən də dedim ki, var, ya yox, meydandan çıx, vaxt gedir. Yəni, vaxt itkisi bizə sərf etmirdi. Aramızda belə bir söhbət oldu”.

Rəşadın sözlərinə görə, Allahverdiyev etdiklərinə görə peşmandır: “Elnur özü ağıllı oğlandır, ona heç nəyi başa salmaq lazım deyil. Bilir ki, həmin epizodda elə hərəkət etməməli idi. Gərək etməzdi, özü də peşmançılığını büruzə verirdi. Bizim komandada kimsə kiməsə nəyisə başa salmır. Futboldur, oldu getdi. İnşallah, qarşıdakı oyunlara hazırlaşacağıq”.
0