Yığmamızı oyununu idarə etməli olan hakim ömürlük cəzalandırıldı - FOTO
19.03.2010 - 11:24
Yığmamızı oyununu idarə etməli olan hakim ömürlük cəzalandırıldı - FOTO
Ukraynalı FİFA referisi Oleq Orexov ömürlük hakimlikdən kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın Nizam-İntizam Məcəlləsini pozmaqda günahlandırılan 43 yaşlı hakimə futbol fəaliyyəti bağlı olan istənilən işdə çalışmağa həmişəlik qadağa qoyulub. Qərar açıqlanandan sonra 3 gün ərzində apelyasiya şikayət verilə bilər.

UEFA-nın İntizam Komitəsinin belə ağır cəza verməsinə səbəb Almaniya polisinin bir sıra şübhəli oyunları ilə bağlı araşdırması və korrupsiya ilə bağlı insident olub. Hələ fevralda 30 günlüyə işindən kənarlaşdırılan təcrübəli hakim UEFA-nın Nizam-İntizam Məcəlləsinin loyallıq və düzgünlüklə bağlı 5-ci maddəsini pozmaqda ittiham olunur. Bu, yalnız işin idman aspektlərini əhatə edir və Bohum polisinin cinayət araşdırması ilə bağlı deyil.

Orexov totalizator-rüşvətxorluqla bağlı qalmaqalın qurbanı olub. Belə ki, Oleq həbs olunan futbol mafiyasının üzvləri ilə əlaqədə şübhəli bilinir. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahına çağırılan Orexovla qitə futbol qurumunun Antikorrupsiya şöbəsində söhbət aparılıb.

Qeyd edək ki, cari mövsümdə 6 beynəlxalq, o cümlədən 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunlarına təyinat alan Orexov milli komandamızın son Avropa çempionu İspaniya ilə Bakıdakı yoldaşlıq görüşünü idarə etməli idi. Ancaq əsas namizəd olan Oleqin zədəsi olduğu üçün təyinat həmkarı İqor İşenkoya verilib.
0