Əfsanəvi futzalçı vəfat edib
19.03.2010 - 12:22
Əfsanəvi futzalçı vəfat edib
Rusiya futzalının əfsanəsi sayılan Konstantin Yeryomenko dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, Moskvanın “Dinamo-Yamal” klubunun prezidenti 40 yaşında həyatla vidalaşıb. Buna səbəb XX əsrin ən yaxşı futzalçısı adını alan Yeryomenkonun ürək çatışmazlığı olub.

Hər cümə axşamı “Dinamo” arenasında dostları, həmkarları ilə birgə futbol oynayan Yeryomenko məşq zamanı birdən özünü pis hiss edib. Şahidlər gözlənilmədən yerə yıxılan idmançının koma vəziyyətində olduğunu bildirib. Bu zaman çağırılan Təcili Tibbi Yardım Maşınını 17 dəqiqə gözləmək lazım gəlib. Xəstəxanaya aparılan Konstantinin reanimasiyada ürəyini saat yarım işə salmağa çalışan həkimlərin səyi nəticə verməyib. “Dinamo”nun üzvləri prezidentlərinin ölümü haqda çempionatda növbəti oyuna hazırlaşdıqları Norilskdə xəbər tutublar.

Qeyd edək ki, Ukraynadan olan Yeryomenko “Dina”nın heyətində parlaq çıxışı ilə yadda qalıb. Bu klubun heyətində 8 dəfə Rusiya çempionluğu, 7 dəfə ölkə kuboku, 3 dəfə Avropa Çempionlar Kubokunu qazanıb. 1997-ci ildə Qitələrarası kuboku qalibi, bundan iki il sona Avropa çempionu olan Konstantin 7 il dalbadal (1992-98) mövsümün ən yaxşı oyunçusu seçilib.

Rusiya yığmasının tarixində bombardir olan (66 oyunda 122 qol) futzalçı eyni zamanda məhsuldarlığına görə rekord müəyyənləşdirib. Belə ki, o, rəsmi oyunlarda 1132 qol vurub. 2001-ci ildə karyerasını bitirən Yeryomenko bir il sonra indiki klubuna prezident seçilib. “Dinamo-Yamal” onun rəhbərliyi altında 6 dəfə Rusiya çempionu olub. Konstantin 2004-cü ildə Voronej vilayətindən Federasiya Şurasına senator seçilmişdi.
0