Abramoviç “Çelsi”nin futbolçularına divan tutub
19.03.2010 - 13:06
Abramoviç “Çelsi”nin futbolçularına divan tutub
İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç komandasının UEFA Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırmasından xeyli narazı qalıb. Lent.az-ın “Sovetskiy Sport”a istinadən verdiyi məlumata görə, Abramoviç keçirdiyi iclasda oyunçulara müraciət edib.

Onu “Siz yaxşı oyunçularsınız, yoxsa yüksək ödənişli futbolçular?” sualının cavabı maraqlandırıb. “Çelsi”nin baş məşqçisi Karlo Ançelotti də zərbə altına düşüb. “Zadəganlar” İngiltərə çempionatının qalibi ola bilməyəcəkləri halda, Ançelotti istefaya göndəriləcək. Artıq Abramoviç klubun sahibi olduqdan sonra sayca 7-ci baş məşqçi axtarışına başlayıb. İndiyədək “Milan”la iki dəfə Çempionlar Liqasının qalibi olmuş Ançelotti “Çelsi”yə də eyni uğuru qazandırmaq üçün mövsümün əvvəlində Londona dəvət edilib. Rusiyalı milyarder klubunun zəifləyə biləcəyindən ehtiyatlanaraq, gələcəkdə sərmayə qoymağın və transferlər etməyin gərəkliyini düşünür.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi” İtaliyanın “İnter” klubuna hər iki matçda yenilərək (1:2, 0:1), 2003-cü ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirində 1/4 finala yüksələ bilməyib.
0