“Hafiz Məmmədovun da bu istiqamətdə çalışmaları var”
27.03.2010 - 16:19
“Hafiz Məmmədovun da bu istiqamətdə çalışmaları var”
“Bakı” futbol komandasına yeni baş məşqçi təyinatı mövsümün sonunda rəsmiləşəcək. Bu haqda Lent.az-a klubun türkiyəli vitse-prezidenti Tunc Afşar məlumat verib.

Afşarın sözlərinə görə, baş məşqçi postuna namizədlər Bakıya dəvət ediləcəklər. Onlar əvvəlcə komandanın oyunu və klubun infrastrukturu ilə yaxından tanış olacaqlar. Amma heç bir yeni mütəxəssislə müqavilə bağlanılmayacaq: “Biz bu məsələdə Bülənt Korkmazla əməkdaşlığa başladığımız ardıcıllıqla davranmaq niyyətindəyik. Yəni baş məşqçi postuna namizədlər əvvəlcə Bakıya gələrək, klubumuzla yaxından tanış olacaqlar. Mövsümün sonunda isə onlardan biri ilə müqavilə bağlanılacaq. İndidən anlaşmağı özümüz istəmirik. Çünki heyəti yeni baş məşqçinin özü formalaşdırmalıdır. Hazırkı komandanı quran isə o, deyil”.

Afşar bildirib ki, yeni baş məşqçi məsələsi klub prezidenti Hafiz Məmmədov üçün hazırladığı raportda əksini tapıb: “Prezidentimiz martın 29-dan işə çıxacaq. Hazırladığım raportu ona təqdim edəcəyəm. Raportda kimlərin adlarının göstərildiyini açıqlamaq istəməzdim. Hafiz Məmmədovun özünün də bu istiqamətdə bir çalışmaları var”.

Hazırda martın 28-də keçiriləcək “Qəbələ” ilə oyunu düşündüklərini deyən vitse-prezident “Bakı”nın yeni baş məşqçi məsələsi ilə gələn həftədən məşğul olacaqlarını vurğulayıb.
0