Ramazanovun proqnozu: “İnter” başını aşağı salıb, sakitcə işini görür
02.04.2010 - 11:15
Ramazanovun proqnozu: “İnter” başını aşağı salıb, sakitcə işini görür
“Xəzər-Lənkəran” və “Qarabağ”da son vaxtlar qalmaqallar baş verir. “İnter” isə başını aşağı salıb sakitcə işini görür”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq hücumçusu Zaur Ramazanov deyib.

Sabah Zaurun iki sabiq klubu “Xəzər-Lənkəran” və “Qarabağ” Lənkəranda görüşəcəklər. Ramazanov komandaların meydançadakı şanslarını bərabər sayır: “Şanslar bərabərdir. Çoxu “Qarabağ”ın heyətini zəif sayır. Amma “Qarabağ” heç də zəif deyil. Heyətində yığma komandaya çağırılan 9 futbolçu var. Hər halda, yaxşı oyun olacaq. Bəlkə də ilk qolu vuran komanda oyunu qalib yekunlaşdıracaq”.

Ramazanov “Xəzər-Lənkəran” azarkeşlərini onlar üçün böyük üstünlüyük sayır: “Əlbəttə, o stadionda oynamaq rəqib üçün olduqca çətindir. “Xəzər-Lənkaran”ın “Qarabağ” üzərində ən böyük üstünlüyü azarkeş baxımındandır. Lənkəranlı azarkeşlər qarşısında oynamaq yerli futbolçulara əlavə stimul verir. Mən bu hissləri uzun müddət yaşamışam, bilirəm”.

Qeyd edək ki, Zaur Ramazanov “Xəzər-Lənkəran”ın heyətində ölkə çempionatının qızıl medallarını, ölkə kubokunu və “Birlik Kuboku”nun baş mükafatını qazanıb. O, “Qarabağ”da oynayarkən Azərbaycan kubokunu başı üzərinə qaldırıb.

34 yaşlı futbolçu cari çempionatın ikinci dövrəsindən Yevlaxın “Karvan” klubunun şərəfini qoruyur.