Çempionlar Liqasında 5 illik sükutu Messi pozdu
07.04.2010 - 11:29
Çempionlar Liqasında 5 illik sükutu Messi pozdu
“Barselona”nın futbolçusu Leonel Messi Çempionlar Liqasının (ÇL) tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı hücumçu Avropanın ən nüfuzlu klub turnirində poker edən ilk argentinalı və qeyri-avropalı, ümumilikdə 6-cı futbolçu oldu.

İndiyədək bir oyunda 4 qol vuran futbolçulardan Marko van Bastenlə Ruud van Nistelroy Hollandiyanı, Simone İnzaqi İtaliyanı, Dado Prşo Xorvatiyanı, Andrey Şevçenko Ukraynanı təmsil edir. Şevçenko səfərdə poker edən ilk və hələlik yeganə futbolçudur. Onun “Şükrü Saracoğlu” stadionunda “Fənərbaxça” ilə görüşdə möhtəşəm çıxışından sonra 5 ildir poker edən yox idi. Bu, susqunluğu ötən il həm dünyanın, həm də Avropanın ən yaxşı futbolçusu seçilən Messi pozdu.

Leonel London “Arsenal”ını təkbaşına məğlub etməklə, komandasını yarımfinala çıxardı. Maraqlıdır ki, poker müəlliflərindən heç biri həmin mövsüm sonda turnirin qalibi ola bilməyib. Buna ən yaxın ilk pokerin müəllifi van Basten olsa da, “Milan” 18 il öncə finalda Fransa “Marsel”inə uduzub – 0:1. Yeri gəlmişkən, Marko həm də ən erkən (19 dəqiqə) pokerin müəllifi kimi tarixə düşüb.

“Barselona”nın turniri qazanmağa yenə əsas namizəd olduğunu nəzərə alsaq, Messi poker etdiyi mövsümdə qalibi olacaq ilk futbolçu kimi tarix yaza bilər. Leonel hazırkı turnirin ən sərrast oyunçular sırasında artıq mübarizəni dayandıran Madridin “Real” klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldonu keçməklə, vahid lider oldu.

Qeyd edək ki, ÇL-də 6 pokerlə yanaşı, 50 het-trik olub. İtaliyalı hücumçu Filippo İnzaqi turnirin bombardirlərindən olsa da, poker edə bilməyib. Əvəzində onun kiçik qardaşı Simone buna imza atıb. Filippo ÇL-də ən çox het-trik edən (3 dəfə) futbolçu kimi öyünə bilər.

Çempionlar Liqasında het-triklər

25 noyabr 1992-ci il

“Milan” (İtaliya) – “Höteborq” (İsveç) – 4:0
Marko van Basten, 43, 53, 61, 62

14 mart 2000-ci il
“Latsio” (İtaliya) – “Marsel” (Fransa) – 5:1
Simone İnzaqi, 17, 37, 38, 71

5 noyabr 2003
“Monako” (Fransa) – “Deportivo” (İspaniya) – 8:3
Dado Prşo, 26, 30, 45, 49

3 noyabr 2004-cü il
“Mançester Yunayted” (İngiltərə) – “Sparta” (Çexiya) – 4:1
Ruud van Nistelroy, 14, 25, 60, 90

25 noyabr 2005-ci il
“Fənərbaxça” (Türkiyə) – “Milan” (İtaliya) – 0:4
Andrey Şevçenko, 16, 52, 70, 76

6 aprel 2010-cu il
“Barselona” (İspaniya) – “Arsenal” (İngiltərə) – 4:1
Leonel Messi, 21, 37, 42, 88