“Qalatasaray” rəhbərliyi 5 futbolçunun “qələmini sındırdı”
07.04.2010 - 11:45
“Qalatasaray” rəhbərliyi 5 futbolçunun “qələmini sındırdı”
“Qalatasaray” rəhbərliyi heyətlə bağlı radikal qərarlar qəbul edib. Apasport.az saytının məlumatına görə, Türkiyə kuboku və Avroliqada mübarizəni dayandıran, eləcə də Superliqada çempionluq şansı xeyli azalan komandada təcili toplantı keçirilib.

Son 5 oyunda artıq 11 xal itirən İstanbul təmsilçisi bir sıra aparıcı futbolçuları ilə vidalaşmağa qərar verib. Belə ki, braziliyalı Elano Blumerlə Kot d’İuvarlı Kadir Keytanın yayda iştirak edəcəkləri DÇ-2010-dan sonra ciddi təklif müqabilində geri göndərilməsi qərara alınıb. Hər iki hücumameyli yarımmüdafiəçi ilə ötən yay böyük ümidlərlə transfer olunub. “Qalatasaray”ın qış fasiləsində “Mançester Siti”dən icarəyə götürdüyü braziliyalı hücumçu Jo ilə yeni müqavilə imzalanmayacağı dəqiqdir.

“Tottenhem”dən qışda icarəyə götürülən meksikalı hücumu Covani Dos Santosla bağlı bir az da gözləmək qərara alınıb. Əgər gənc istedad ümidləri tam doğruldarsa, birdəfəlik alınacaq. Bunun üçün 3,5 milyon avro transfer haqqı ödəmək lazımdır. Avstraliyalı yarımmüdafiəçi Harri Kyuell və “Fənərbaxça” ilə derbi oyunda kobud səhv edən argentinalı qapıçı Leo Frankonun da mövsümün sonunda qovulması nəzərə tutulub.

“Cim Bom” legionerləri ilə bağlı bu köklü islahatlardan sonra cəmi iki əcnəbi oyunçusu – avstraliyalı müdafiəçi Lukas Neyllə çex hücumçu Milan Baroş qalıb.

Qeyd edək ki, baş məşqçi Franka Raykaardın da göndəriləcəyi gündəmdədir.