“Artıq bütün tanışlıq saytlarını bağlamışam”
07.04.2010 - 12:06
“Artıq bütün tanışlıq saytlarını bağlamışam”
“Zədədən sonra bərpa prosesi keçirəm. Hazırda həkim nəzarəti altında məşq edirəm. Qarşıdakı turlarda oynamağa hazır olacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Olimpik-Şüvəlan” klubunun futbolçusu İlqar Qurbanov deyib.

Azərbaycan millisinin sabiq üzvü artıq tam futbolla məşğul olmaq istəyir. O, bu məqsədlə bütün tanışlıq saytlarından çıxıb: “İndi internetlə məşğul olmaq normal qəbul olunur. Ölkə xaricində qohumlarım var. Məhz onlarla danışmaq üçün arabir internetə girirdim. Artıq hamısını bağlamışam və fikrimi futbola yönəltmişəm”.

Qurbanov internetin oyuna təsirsiz ötüşmədiyini gizlətməyib: “Baxır necə istifadə edirsən. Əgər bütün gecəni kiminləsə söhbət edirsənsə, şübhəsiz, səhər futbol oynamağa çətinlik çəkəcəksən. Onlar hamısı boş şeylərdir. Bizim əsas işimiz futbol oynamaqdır”.

Xatırladaq ki, Qurbanov "Olimpik-Şüvəlan"a mövsümün əvvəlində gəlib.