“Xəzər-Lənkəran”ı məğlub edib, hədəfimizə yaxınlaşacağıq”
07.04.2010 - 12:18
“Xəzər-Lənkəran”ı məğlub edib, hədəfimizə yaxınlaşacağıq”
“Əsas vəzifəm komandanın daha uğurlu çıxış etməsində pay sahibi olmaqdır. Əminəm ki, öz sözümü deməyi bacaracağam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun keniyalı futbolçusu Alan Vanqa deyib.

Qış fasiləsində transfer olun afrikalı hücumçu paytaxt təmsilçisinin heyətində öz sözünü demək fikrindədir. Alan klubunun rəsmi saytına açıqlamasında bildirib ki, Unibank Premyer Liqasının növbəti turunda evdə “Xəzər-Lənkəran”ı məğlub edəcəklərini düşünür: “Komandamız güclü futbolçulardan təşkil olunub. Əsas heyətdə yer almaq üçün çox çalışıb, həmişə meydana çıxmağa hazır olmalıyam. İnanıram ki, mənim də günüm gələcək. Yaxın günlərə gəlincə, bilirsiniz ki, Premyer Liqa həlledici mərhələdədir. İndi bütün diqqətlər “Bakı”nın çempion titulunu qorumağa yönəlib. “Xəzər-Lənkəran”ı məğlub edib, hədəfimizə bir addım daha yaxınlaşmaq istəyirik”.

Qeyd edək ki, Vanqa ölkəmizdə oynayan ilk keniyalı futbolçu kimi tarixə düşdü.