Azərbaycanlı futbolçu İtaliya C seriyasında oynaya bilər
08.04.2010 - 10:23
Azərbaycanlı futbolçu İtaliya C seriyasında oynaya bilər
Tanınmış mütəxəssis Luçanı Spalleti azərbaycanlı futbolçunu İtaliyada oynamağa layiq sayır. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Zenit” klubunun italiyalı baş məşqçisi ölkə kubokunun 1/4 finalında Emin Ağayevin kapitanı olduğu “Volqa”nın oyunundan razı qalıb. Spalettinin fikrincə, Ağayev və komanda yoldaşları 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırsa da, səfərdə kifayət qədər inamlı təsir bağışlayıb. “Zenit”in çalışdırıcı 37 yaşlı futbolçumuzun başçılıq etdiyi müdafiə xəttini çətinliklə keçdiklərini etiraf edib.

Spaletti ikinci divizionda çıxış edən Tver təmsilçisini İtaliyanın aşağı seriya təmsilçiləri ilə müqayisə edib: “Rusiyanın ikinci divizionunu İtaliya C seriyası ilə müqayisə etmək olar. Rəqibimiz güclü oyun göstərdi. Bu münasibətlə həmkarım Maksim Bokovu təbrik etdim. “Volqa”nın hər top uğrunda mübarizə aparması göz qabağında idi. Onlarda kompakt oyun alınırdı. Elə taktiki cəhətdən də yaxşı oynadılar. Biz qapıya tərəf getmək üçün tez-tez boş zona tapa bilmirdik. Mənim futbolçularım həmkarlarından fərqli, daha yüksək səviyyəli idilər. Elə buna görə də qalib gəldik. “Volqa” İtaliya C seriyasında qələbə uğrunda mübarizə apara bilərdi”.