Bülənt Korkmaz: Mən qalsaydım, komanda artıq çempion idi
08.04.2010 - 11:24
Bülənt Korkmaz: Mən qalsaydım, komanda artıq çempion idi
“Əgər cari mövsümdə “Qalatasaray”ın baş məşqçi postunda qalsaydım, Superliqanın bitməsinə 4-5 həftə qalmış çempionluğu təmin edərdik. Mən bunun üçün klub prezidenti Adnan Polat və rəhbərliyə təminat vermişdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun sabiq baş məşqçisi Bülənt Korkmaz deyib.

Ölkəmizdəki fəaliyyətinədək 2 ay “Qalatasaray”ı çalışdıran 42 yaşlı türkiyəli mütəxəssis həmin vaxt vəzifəyə hazırladığı uzun müddətli planla gəldiyini bildirib. Ancaq bunu həyata keçirə bilməyən Korkmaz rəhbərliyin qərarına görə üzülür: “Mən kimsənin etmədiyini etdim. İstefa ərizəmi işə başladığım gün imzalayaraq, Adnan Polata verdim. Əsl “Qalatasaray”lı olduğumdan bunu rəhbərliyi rahatlamaq üçün etdim. Amma Polat həmin məktubu cırıb atsaydı, çox şey dəyişərdi. Məktubu cibinə qoydu və mən də mövsümün sonunda ayrılacağımı düşündüm”.

Korkmazın fikrincə, xələfi Frank Raykaard uğursuzluqla üzləşdiyindən mövsümün sonunda komandanı buraxacaq: “Raykaard karyerası müzakirə olunmayan bir baş məşqçidir. Ancaq məncə, Türkiyədə uğurlu ola bilmədi. Son məşq olayından sonra nüfuzuna zərbə dəydi. Polat komandanı təlim-məşq toplanışına alaraq, Raykaardın nüfuzunu sıfıra endirdi. Onun mövsümün sonunda Türkiyə və “Qalatasaray”dan ayrılacağını düşünürəm”.

Keçmiş kapitan portuqaliyalı müdafiəçi Fernando Meyranı pula görə satan rəhbərliyin 3-4 aydan sonra transferlərə 35 milyon dollar xərcləməsini anlamır: “Qalatasaray” ötən ay etdiyi transferlərdə böyük xətalara yol verdi. Jonun əhəmiyyətsiz və intizamsız futbolçu olması araşdırılmadan alınmış, Elano isə uyğunlaşa bilmədiyi ortada olan bir isimdir. Türkiyənin ən yaxşı yerli futbolçuları “Qalatasaray”dadır, amma əcnəbilər xətalıdırlar. Ardanın kapitan olmasını istədim. Ancaq onun “Türkiyədən ayrılmaq istəyirəm, üstümə çox gəlirlər” kimi açıqlamaları doğru deyil. Bunlar gərəksizdir. Turan səhv edə-edə düzü tapacaqdı. O, mövsümün sonunda enişə düşüb”.

Hazırda işsiz olan Korkmaz “Qalatasaray”ın əzəli rəqibləri “Fənərbaxça” və “Beşiktaş”ın təkliflərini qəbul edib-etməyəcəyinə belə münasibət bildirib: “Belə bir olay gerçəkləşmədən danışmaq düzgün olmazdı. Peşəkar həyatda hər şey ola bilər. Təklif gələrsə, buna baxaraq. Amma mən “Qalatasaray”lı Büləntəm”.

Qeyd edək ki, Korkmaz 21 illik futbolçu karyerasını həsr etdiyi, böyük uğurlar qazandığı “Qalatasaray”ın ötən mövsümün sonunda istefa verib.