Hacıyevski, Kara və Sxadadze
08.04.2010 - 12:20
Hacıyevski, Kara və Sxadadze
Azərbaycan çempionu Qyoko Hacıyevski Rasim Kara və Kaxaber Sxadadzenin yolu ilə gedir. Apasport.az saytının hesablamalarına görə, Zaqatalanın “Simurq” klubunun icraçı-direktor təyin edilən 55 yaşlı makedoniyalı mütəxəssis ölkəmizdə iki klubda işləyən 3-cü əcnəbi oldu. Buna qədər türkiyəli Kara ilə gürcüstanlı Sxadadze belə fəaliyyət göstərmişdi.

“Xəzər-Lənkəran”ın 2004-cü ildə payızında baş məşqçi postuna gətirdiyi Kara bir il sonra istefaya göndərildi. 2006-nın qışında ölkəmizi tərk edən türkiyəli mütəxəssis bir il sonra “Qarabağ”ın dəvəti ilə geri qayıtdı. Ağdam təmsilçisini 18 ay çalışdıran və nəticə verməyən Kara ötən mövsümün startına bir həftə qalmış gözlənilmədən iş yerini dəyişdi. “Qarabağ”ı “Xəzər-Lənkəran”a dəyişməyə qərar verən Karanın cənubda ikinci fəaliyyəti daha uğursuz və qısa müddətli oldu. İlk dövrədə elə “Qarabağ”a evdə 1:3 hesablı məğlubiyyəti qəbul edə bilməyərək, getməyi üstün tutdu.

Bundan sonra ölkəmizi birdəfəlik tərk edən Karanın ölkəmizdə ən böyük uğuru 2005-ci ildə “Xəzər-Lənkəran”la çempionatın gümüş medal qazanmasıdır. Bununla da o, Azərbaycanda ilk mükafat qazanan əcnəbi mütəxəssis kim tarixə düşdü. 60 yaşlı çalışdırıcı ilk istefa verən zaman “Xəzər-Lənkəran”da qalaraq, rəhbərlikdə, konkret vitse-prezident postunda yer aldı.

Sxadadze 2008-ci ilin qışında o vaxt Bakını təmsil edən “Standard” klubunun baş məşqçi postuna yer aldı. Ortabab komandada fəaliyyəti bir müddət davam edən 42 yaşlı mütəxəssis müqaviləsini uzatmayaraq, vətəninə qayıtmağı üstün tutdu. Ancaq Sxadadzenin öz ölkəsinin 21 yaşlılardan ibarət yığması komandasının baş məşqçisi kimi fəaliyyəti 3-4 ay oldu. Ötən ilin iyununda “İnter”dən gələn dəvəti qəbul edən Sxadadze Kara kimi avrokuboklarda uğursuzluğa düçar oldu. Ancaq daxili yarışlarda işləri yaxşı gedən “İnter” uzun müddətdir liderdir və çempionluğa ən əsas namizədlərdəndir.

Qeyd edək ki, Hacıyevski 2007-ci ilin sentyabrında “Bakı”nın baş məşqçisi təyin olundu. Makedoniya və Azərbaycan milli komandasını çalışdırmış mütəxəssis ötən mövsüm “Bakı” ilə çempionluq qazanıb. Hacıyevski Kara və Sxadadzedən fərqli, Azərbaycan klubu ilə Avropada debütdə uğur qazanaraq, Çempionlar Liqasında mərhələ adladı.

Keçən ilin sentyabrında “Bakı”nın sükanı arxasından gedən Hacıyevski klubda bir ay məsləhətçi kimi qaldıqdan sonra ölkəmizi tərk etdi. Kiprin “Atromitos” klubundan gələn dəvəti qəbul edən makedoniyalı yarım il çalışdırdığı birinci liqa təmsilçisini güclülər dəstəsinə çıxara bilmədi. Orada mövsüm bitəndən sonra Azərbaycana qayıdan Hacıyevski “Simurq”la müqavilə imzaladı. O, mövsüm bitəndən sonra istefaya göndəriləcək ukraynalı həmkarı Roman Pokoranı baş məşqçi postunda əvəzləyəcək.