Liviya Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirmək istəyir
08.04.2010 - 13:24
Liviya Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirmək istəyir
Liviya Futbol Federasiyasının vitse-prezidenti Farj Məhəmməd Ben Salim Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirmək istədiklərini açıqlayıb. Bu haqda Lent.az-a Azərbaycan – Liviya dövlətlərarası komissiyasının iclasından qayıdan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov məlumat verib.

İsmayılovun sözlərinə görə, Ben Salimlə görüşü məhz dövlətlərarası komissiyanın iclası çərçivəsində baş tutub: “O, həm də Liviya Olimpiya Komitəsinin direktoru, Liviyanın bütün idman komitələri üzrə prezidentidir. Ben Salimlə görüşümdə Azərbaycan və Liviya arasında idman sahəsində əməkdaşlıq haqda müqavilə bağladıq”.

Anlaşmaya əsasən, Azərbaycan və Liviyanın müxtəlif idman növləri üzrə yığma komandaları qarşılıqlı təlim-məşq toplantıları və turnirlərdə iştirak edəcəklər. Xüsusən, Ben Salim Liviya və Azərbaycanın futbol yığmaları arasında yoldaşlıq görüşü keçirməkdə maraqlı olduqlarını vurğulayıb.