Mübariz Mənsimov üçün 18 milyon avroluq futbolçu tapıblar
09.04.2010 - 08:49
Mübariz Mənsimov üçün 18 milyon avroluq futbolçu tapıblar
“Beşiktaş” Avropada ulduz futbolçu axtarışlarını davam etdirir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Xəzər-Lənkəran” klubunun sahibi Mübariz Mənsimovun xeyir-duası ilə qitə səyahətinə çıxan Yıldırım Dəmirörən prezidenti olduğu İstanbul təmsilçisi üçün potensial futbolçuların siyahısını genişləndirib.

“Barselona”nın fransalı hücumçusu Tyeri Anrini də siyahılarına daxil edən türklər Almaniya “Bavariya”sı ilə də danışıqlara başlayıb. Bu, “Beşiktaş” prezidentinin Münhen səfərinin əsl səbəbini açıqlamasından sonra məlum olub: “Mario Qomeslə bağlı danışıqlara başladıq. Bu transferin gerçəkləşməsi üçün əlimizdən gələni edəcəyik”.

Türkiyə mətbuatı bu keçid üçün istanbulluların 15-18 milyon avro verməli olduğunu iddia edir. Onların fikrincə, transfer “Beşiktaş”ın azarkeşi olan və kluba hər cür kömək edən Mənsimovun hesabına gerçəkləşəcək.