“Liverpul” “Benfika”ya yerini göstərdi
09.04.2010 - 09:02
“Liverpul” “Benfika”ya yerini göstərdi
Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirin əsas favoriti “Liverpul” yarımfinala böyük hesablı qələbə ilə yüksəlib. İlk oyunda “Benfika”ya səfərdə uduzan ingilislər bunu əvəzini artıqlaması ilə çıxıblar.

Gecə baş tutan digər oyunlarda yalnız İspaniya derbisində qalib bəlli olmayıb. Bu, səfərdə məhsuldar heç-heçə edən “Atletiko”ya yararlı olub. Madrid təmsilçisi rəqib meydanında vurduğu qol sayəsində “Valensiya”nı mübarizədən kənarlaşdıraraq, “Liverpul”a rəqib oldu.

Turnirdə sürpriz çıxışı ilə yadda qalan “Fulhem”in növbəti qurbanı son Almaniya çempionudur. London təmsilçisi “Volfsburq”u səfərdə də minimal fərqlə məğlub edib. İndi “Fulhem”i digər Bundesliqa təmsilçisi ilə sınaq gözləyir. Özü də Avroliqanın finalı Hamburqda keçiriləcəyindən, bu şəhərinin eyni adlı komandasının həlledici görüşə çıxmaq motivasiyası böyükdür. Düzdür, “Hamburq” “Standard”la səfər matçında hesabda 0:1 geri düşən zaman rəqib yarımfinalın astanasında olsa da, almanlar sonradan vurduğu qollarla qələbəni təmin edib, sensasiyaya imkan verməyib.

Avroliqa, 1/4 final mərhələsi
Cavab oyunları

8 aprel


“Liverpul” – “Benfika” – 4:1
Kuyt, 28, Lukas, 33, Torres, 59, 82 – Kardoso, 70
İlk oyun – 1:2

“Standard” – “Hamburq” – 1:3
De Kamarqo, 33 – Petriç, 20, 35, Gerrero, 90
İlk oyun – 1:2

“Volfsburq” – “Fulhem” – 0:1
Zamora, 1
İlk oyun – 1:2

“Atletiko” – “Valensiya” – 0:0
İlk oyun – 2:2

Yarımfinal mərhələsinin oyunları aprelin 22-də və 29-da keçiriləcək. İlk görüşdə “Hamburq” “Fulhem”i, “Atletiko” “Liverpul”u qəbul edəcək.