Mahir Şükürov “vəhşilər”lə bir yerdə
09.04.2010 - 09:15
Mahir Şükürov “vəhşilər”lə bir yerdə
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun şərəfini qoruduğu “Anji” klubu Rusiya çempionatının növbəti turu ərəfəsində problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, bu səbəbdən Mahaçqala təmsilçisi “Sibir”lə səfər matçına yollanmaq planlarına yenidən baxmağa məcbur olub. Aprelin 11-də Novosibirskdə keçiriləcək görüşə azarkeşlərinin də getməsini istəyən “Anji” rəhbərliyi uzaq səfərin avtobusla gerçəkləşməsinin mümkünsüzlüyündən çıxış yolu axtarmağa başlayıb.

Öncə ən sadiq azarkeşləri komandanı aparan çarter reysinə yerləşdirmək variantı ortaya çıxıb. Lakin məlum olub ki, kiçik laynerə kifayət qədər azarkeş yerləşsə də, bu əlavə problem yaradır. Belə ki, həddən çox ağır çəki daha artıq yanacağın sərfi ilə nəticələnəcəkdi. Bu səbəbdən Ufada enib, təyyarəyə yanacaq doldurmaq zərurəti yaranacaqdı. Bu da öz növbəsində sabah keçiriləcək əvəzedicilərin oyununa gecikməyə səbəb olacaqdı. Çünki şənbə günü oynayacaq ikinci komanda ilə ertəsi meydana çıxacaq əsas heyət eyni reyslə səfərə çıxır. “Vəhşi diviziya” adını daşıyan azarkeşlərinin mənafeyini düşünən və komandanın Sibirdə tək qalmasını istəməyən “Anji” rəhbərliyi sonda məsələnin həllinə nail olub. Onlar təyyarəni dəyişməklə, TU-154 laynerini sifariş ediblər. Bu təyyarə ağzınadək dolduqda belə yanacaq üçün enmədən Mahaçqaladan Novosibirskə uçmaq iqtidarındadır.