Zaur Məmmədov: Bu xəbər mətbuata bilərəkdən ötürülüb
09.04.2010 - 12:08
Zaur Məmmədov: Bu xəbər mətbuata bilərəkdən ötürülüb
“Komandamızda maliyyə problemi yoxdur. Sadəcə, futbolçuların maaşlarında gecikmələr olub”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun prezidenti Zaur Məmmədov deyib.

Maliyyə probleminin mətbuata məqsədli şəkildə yayıldığını bildirən prezidentin sözlərinə görə, komanda daxilindəki sirri yayan futbolçunu müəyyənləşdirib: “Bu xəbər mətbuata məqsədli şəkildə ötürülüb. Bunu edən də yerli futbolçudur. Kollektivdə bilə-bilə qanqaraçılıq yaratmaq istəyir. İndi ad çəkmək istəmirəm. Sadəcə, onun “Simurq”dakı karyerasının başa çatdığını deyə bilərəm”.

Zaqatala təmsilçisinin rəhbəri ilk “altılıq”dan kənarda qalan futbolçularından narazıdır. Bununla belə, Məmmədov hazırkı heyət üzvlərinə özlərini göstərmək üçün şans veriləcəyini deyib: “Qyoko Hacıyevski Sumqayıtda “Standard”a qarşı oyunu izləyəcək. Biz seleksiya işlərini əvvəlcə hazırkı heyətdə aparacağımızdan futbolçulara özlərini göstərmək üçün şans verəcəyik. Sonra mayda deməsinlər ki, bizi kənara atdılar. Kim yaxşı çıxış edərsə, danışıqlara dəvət edə bilərik”.

Xatırladaq ki, ötən mövsümün bürünc mükafatçısı “Simurq” indi ikinci “altılıq”da mübarizə aparır.