“Xəzər-Lənkəran”ın Qəbələdəki uğurunun sirri
15.04.2010 - 15:04
“Xəzər-Lənkəran”ın Qəbələdəki uğurunun sirri
Unibank Premyer Liqasının XXVIII turu “Qəbələ” və “Xəzər-Lənkəran” klublarını 12-ci dəfə görüşdürəcək. Apasport.az saytının hesablamalarına görə, Qəbələ təmsilçisi aprelin 17-də qəbul edəcək rəqibi üzərində qələbə qazana bilmir.

Komanda güclülər dəstəsində debüt mövsümündə çıxış etdiyi “Gilan” adı altında lənkəranlılarla hər iki görüşdə böyük hesabla uduzub. “Gilan” “Qəbələ”yə çevriləndən sonra isə gərgin mübarizəyə şahid olmaq mümkündür.

Düzdür, Ramiz Məmmədovun komandası yenə öz meydanında qələbə qazana bilməsə də, hər halda, “Xəzər-Lənkəran”a ciddi müqavimət göstərib. Hətta “Qəbələ” cənublular üzərində ilk və hələ ki yeganə qələbəsini ötən mövsüm səfərdə qazanıb. Yeri gəlmişkən, bu, sonda “Xəzər-Lənkəran”a medallardan və avrokuboklardan kənarda qalmaq bahasına başa gəldi.

“Ağ-yaşıllar”ın üç il öncə Qəbələdəki qələbəsi isə tarixi oldu. Belə ki, 3:1 hesablı qələbə qazanan “Xəzər-Lənkəran” tarixində ilk dəfə ölkə çempionluğunu qazandı. Həmin vaxt buna nail olan Ağasəlim Mircavadov yenə iş başındadır, vaxtilə rəhbərliyi altında oynamış Ramiz Məmmədov 4 ilə yaxındır “Qəbələ”ni çalışdırır.

Əyalət təmsilçilərinin Lənkəranda “altılıq”dakı oyunu isə “Qəbələ”nin bu adla ilk dəfə böyük hesablı məğlubiyyəti ilə nəticələndi. İlk baxışdan nə qədər qəribə görünsə də, bu darmadağın Məmmədovun yetirmələrinin xeyrinə işlədi. Təsadüf deyil ki, bundan sonra uduzmayan “Qəbələ” inamlı çıxışı ilə diqqət çəkir. “Xəzər-Lənkəran”a məğlubiyyətdən sonra 4 oyunun 2-də qalib gələn, 2-də heç-heçə edən qəbələlilər artıq 8 xal toplayıb. Nəticədə “altılıq”da ən çox xal toplayan iki komandadan biridir.

Qeyd edək ki, 12 oyundan yeddisi “Xəzər-Lənkəran”ın, biri “Qəbələ”nin qələbəsi ilə nəticələnib, 3 görüş heç-heçə bitib. Topların fərqi 22-8 Lənkəran təmsilçisinin xeyrinədir.

2006/07 mövsümü
Azərbaycan çempionatı

“Xəzər-Lənkəran” – “Gilan” – 4:0
“Gilan” – “Xəzər-Lənkəran” – 0:3

2007/08 mövsümü
Azərbaycan çempionatı

“Xəzər-Lənkəran” – “Qəbələ” – 2:1
“Qəbələ” – “Xəzər-Lənkəran” – 1:1

Azərbaycan kuboku
“Qəbələ” – “Xəzər-Lənkəran” – 1:3
“Xəzər-Lənkəran” – “Qəbələ” – 1:1

2008/09 mövsümü
Azərbaycan çempionatı

“Qəbələ” – “Xəzər-Lənkəran” – 0:1
“Xəzər-Lənkəran” – “Qəbələ” – 1:2

2009/10 mövsümü
Azərbaycan çempionatı
İlk mərhələ

“Qəbələ” – “Xəzər-Lənkəran” – 1:1
“Xəzər-Lənkəran” – “Qəbələ” – 1:0

Final mərhələsi
“Xəzər-Lənkəran” – “Qəbələ” – 4:1