Denis Kalinkovun nə vaxt oynayacağı bilindi
15.04.2010 - 16:45
Denis Kalinkovun nə vaxt oynayacağı bilindi
Moldovalı futbolçu Denis Kalinkov “Xəzər-Lənkəran”ın hazırlıq prosesinə qatılıb. Apasport.az saytının məlumatına görə, milli komandasının da üzvü olan hücumçu artıq ümumi qrupda məşqlərə başlayıb.

Daban nahiyəsində problemi olan Kalinkov sonuncu dəfə bir ay öncə martın 17-də “Qarabağ”la ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda meydana çıxıb. Tam sağalmadığı halda vacib oyunda komandasına kömək etmək istəyi Denisə baha başa gəldi. Belə ki, hücumçu zədəsini təzələyərək, daha uzun müddətə sıradan çıxdı.

Artıq 10 günə yaxındır topsuz çalışmalar edən Kalinkov nəhayət, komanda ilə məşqlərə qatılıb. Denis Premyer Liqanın növbəti turunda şənbə günü “Qəbələ”ylə səfər oyununda olmasa da, bir həftə sonra “İnter”lə Lənkəranda vacib görüşdə böyük ehtimalla yaşıl meydana dönəcək.