Mahir Şükürov: Onlar məni hesabdan silmişdilər
15.04.2010 - 17:53
Mahir Şükürov: Onlar məni hesabdan silmişdilər
“Aldığım zədə ciddi deyil. Həkimlər ayağımın sınmasından qorxurdular. Məni fikirlərində hesabdan silmişdilər. Ancaq klubumuzda işləyən təcrübəli həkim ayağıma baxandan sonra ciddi bir şey olmadığını, sadəcə, möhkəm əzilmə olduğunu dedi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov deyib.

Rusiyanın “Anji” klubunun heyətində “Sibir”lə səfər oyununda iki məhsuldar ötürmə verən 28 yaşlı yarımmüdafiəçi aldığı zədə üzündən görüşü başa çatdıra bilmədi. Artıq növbəti turun oyununa hazırlaşan həmyerlimiz bildirib ki, baş məşqçi Hacı Hacıyevin onu tərifləyib: “Elə hiss etdim ki, Hacıyev “Rostov”la oyunda da mənə ümid edəcək. O, hələ zədəmin nə dərəcədə ciddi olmasını bilinməyəndə məni növbəti görüş öncəsi heyətdə görmək istədiyini demişdi. Yəqin ki, “Rostov”la qarşılaşmada da yarımmüdafiənin sağ cinahında oynayacağam. Müdafiənin sağ cinahına qayıtmağım haqda isə heç nə eşitməmişəm. Hətta məşqçilər bunun mümkünlüyü müzakirə etsələr də, mənə heç nə deyilməyib”.

Ardıcıl iki qələbədən sonra yaxşı əhval-ruhiyyədə olduqlarını deyən Şükürov azarkeşlərinin dəstəyi sayəsində bunun davam gəlməsinə ümid edir. Mahir növbəti rəqibin “Neftçi”nin və milli komandamızın sabiq qapıçısı Aleksandr Jidkovun olmasından bixəbər imiş: “Jidkov doğrudan da orada işləyir? Bunu bilmirdim. Onu xatırlayıram, milli komandamızda oynayanda mən uşaq idim. Əlbəttə, Jidkovla oyundan öncə görüşüb söhbətləşəcəyəm”.
Qeyd edək ki, “Anji” – “Rostov” oyunu aprelin 19-da keçiriləcək.

Mənbə: extratime.az