Estoniyada “Neftçi” klubuna həsəd aparırlar
16.04.2010 - 09:45
Estoniyada “Neftçi” klubuna həsəd aparırlar
Bakının “Neftçi” klubunun oyunlarında tamaşaçıların sayı nə qədər az olsa da, buna həsəd aparanlar da var. Apasport.az saytının məlumatına görə, ölkə çempionatında qarşılaşmalarının heç bir maraq kəsb etmədiyinə təəssüflənən estoniyalıların gözündə bakılıların fanatları çox görünür.

Daxili yarışların demək olar ki, boş tribunalar önündə keçməsini araşdıran həmkarlarımız Estoniya yığmasının futbolçularının çıxış etdiyi klubların hansı dəstəyi aldığına toxunublar: “Dmitri Kruqlov, Taavi Rahn, Vladimir Voskoboynikovun oynadıqları “Neftçi” azarkeş sayından şikayətlənə bilməz. Buna baxmayaraq, onlar marağın azaldığını düşünür. Bakılıların ev oyunlarını keçirdiyi stadion 30 min tamaşaçı tutsa da, qarşılaşmaları 2 min nəfər izləyir”.

“Neftçi”nin Tofiq Bəhramov adına Respublika stadionunu növbəti dəfə tərk edib İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna “köçməsindən” xəbərsiz olan həmkarlarımız Rahnın məsələyə münasibətini də öyrənib. Müdafiəçi azarkeş sayından razı, arenanın böyüklüyündən narazı olduğunu bildirib: “Bu 2 min tamaşaçı komandamızı çox fəal dəstəkləyir. Onlar baraban çalır, əllərindən gələni edirlər. Lakin bu sayda azarkeş belə böyük arenada hər hansı təəssürat yarada bilməz. Lakin Azərbaycanın paytaxtında daha çox izləyici toplayan görüşlər də olur”.