“Neftçi”nin çempion olması real deyil”
16.04.2010 - 14:38
“Neftçi”nin çempion olması real deyil”
“Eyni komanda ilə altıncı dəfə görüşmək bizi yormur. Hər halda, işimiz budur. “İnter” olmasın, başqası olsun. Nə qədər lazımdırsa, oynayacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

“Ağ-qaralar”ı aprelin 18-də Unibank Premyer Liqasının növbəti turunda qəbul edəcəyi “İnter”lə cari mövsümdə altıncı sınaq gözləyir. “Neftçi” Azərbaycan kubokunda yenildiyi həmşəhərliləri ilə 5 görüşün yalnız birində qələbə qazanıb. Əsədov “bankirlər”də psixoloji üstünlüyün olduğunu etiraf edir: “Bu oyunlarda daha çox qələbə qazandığı üçün psixoloji üstünlük rəqibin tərəfindədir. Hər halda, “İnter” çempionatın lideridir, çox yaxşı komandadır. Baş məşqçi istədiyi futbolçuları yığmaqla, heyəti özü formalaşdırıb. Ancaq bunla belə, qarşılaşmaya yalnız 3 xal qazanmaq üçün çıxacağıq. Şanslar həmişə var. İstənilən halda, mübarizəmizi sonadək davam etdirəcəyik. Düzdür, reallığı nəzərə alsaq, komandamızın çempion olması real deyil. Bu baxımdan “İnter”lə görüş həlledicidir. Əgər yenə xal itirsək, işimiz daha da çətinləşəcək”.

“Neftçi” “altılığ”ın II dövrəsinin startı ərəfəsində heyətdə islahatlar aparıb. Belə ki, “Qarabağ”a səfərdə 0:2 hesablı məğlubiyyətdən sonra baş məşqçinin qərarı ilə serb qapıçı Vladimir Miçoviç, türkmən yarımmüdafiəçi Nazar Bayramov və kamerunlu hücumçu Valentim Atemi əvəzedici komandaya göndərilib, bütün futbolçular isə son vaxtlar uğursuz çıxışına görə cərimələnib. Əsədov bunun komandanın çıxışına mənfi təsir etməsindən narahat deyil: “Onlar peşəkar futbolçulardır. Öz işlərinə ciddi yanaşmalı, üzərlərinə düşən vəzifəni yerinə yetirməlidir. Əgər rəhbərlik müqavilə şərtlərini yüz faiz yerinə yetirirsə, futbolçular bunun qarşılığı verməlidir. Qərarlarımızı yaxşılığa doğru gedəcəyini fikirləşib çıxarmışıq. Hesab edirik ki, bu, komandamıza yaxşı təsir edəcək. Ümid edirik ki, sonda istədiyimiz olacaq”.