Fərid Quliyevdən Doroşa mesaj: Ən məhsuldar hücumçu mən olacağam!
16.04.2010 - 15:26
Fərid Quliyevdən Doroşa mesaj: Ən məhsuldar hücumçu mən olacağam!
“Həm səfərdə, həm də evdə keçirdiyimiz oyunlarda qələbə qazanmışıq. Əsas məqsədimiz Premyer Liqadakı yerimizi qorumaqdır. Komandamız son vaxtlarda nümayiş etdirdiyi futbol və qazandığı xallarla Premyer Liqada qalmağa layiq olduğumuzu göstərir”. Bu sözləri apasport.az saytına açıqlamasında Sumqayıtın “Standard” klubunun futbolçusu Fərid Quliyev deyib.

Milli komandamızın da üzvü olan gənc hücumçu bombardirlər yarışında moldovalı Anatoli Doroşdan 2 top geri qalır. O, qarşıdakı turda qələbə qazanacaqları təqdirdə, elitadakı yerlərini 70-80 faiz təmin edəcəklərini bildirib: “Mənim bombardirlər yarışında yer almağımın elə də, böyük əhəmiyyəti yoxdur. Əsas odur ki, komandam Premyer Liqadakı yerini qorusun. Məncə, “Olimpik-Şüvəlan”ı məğlub etsək, yerimizi 70-80 faiz təmin edəcəyik. Əlbəttə, bununla yanaşı bombardirlər yarışında da yer almaq istəyirəm. Çempionatın başa çatmasına 5 tur var. Qarşıdakı oyunlarda qollar vurub, Doroşu arxada qoyacağam”.

“Hansı komandanın müdafiə xəttinə qarşı oynamaqda çətinliklə üzləşirsən” sualına isə 24 yaşlı hücumçu belə cavab verib: “Hücumçu üçün belə bir problem olmamalıdır. İstər ilk, istərsə də ikinci “altılıq”dakı komandalara qarşı oyunda heç bir çətinliyim olmayıb. Çıxıb qollarımı vurmuşam”.