Lui van Qal Azərbaycan komandalarının tutduğu yoldan narazıdır
16.04.2010 - 16:40
Lui van Qal Azərbaycan komandalarının tutduğu yoldan narazıdır
Almaniyanın “Bavariya” klubunun baş məşqçisi UEFA-ya şikayət edib. Apasport.az saytının məlumatlına görə, hollandiyalı mütəxəssis Çempionlar Liqasının yarımfinal mərhələsindəki rəqibi “Lion”un əməllərindən narazıdır.

Belə ki, lionlular Fransa Futbol Federasiyasına müraciət edərək, “Monako” ilə oyununun təxirə salınmasına nail olublar. Bu isə Qalı qəzəbləndirib. Çünki bu təxirəsalma “Lion”un cavab oyununa daha yaxşı hazırlaşmasına şərait yaradacaq. Hərçənd, aprelin 24-də meydana çıxmaqdan canını qurtaran fransalılardan fərqli, “Bavariya” vacib matç öncəsi də meydana çıxacaq. Van Qalın yetirmələri Çempionlar Liqasından cəmi 3 gün əvvəl Almaniya çempionatında “Borussiya” (Mönhenqladbax) ilə görüşməlidir.

Hollandiyalı məsələnin UEFA səviyyəsində həllinə çalışır: “Rəqib bu addımı ona görə atırlar ki, bizimlə matça daha yaxşı hazırlaşsın. Bu, bizə qarşı yaxşı oynamaq üçün düzgün variantdır. Lakin UEFA belə xırda şeylərə diqqət yetirməlidir. Axı belə hallar “Fair Play” qaydalarına ziddir. Qitə futbol qurumu belə şeylərin qarşısını almalıdır. Bununla bağlı quruma müraciət edib, təxirəsalmaları ləğv etməyi istəyəcəyik”.

Qeyd edək ki, Qalın narazılığına səbəb olan təxirəsalmalar daha çox MDB məkanında, xüsusilə, Azərbaycanda dəbdədir. Klublarımızın hər dəfə avrokuboklarda mərhələ adlaması ölkə çempionatında təxirə salmalara səbəb olur.