20:0 hesablı qələbə qazanan milli komanda Azərbaycanda
03.05.2010 - 14:48
20:0 hesablı qələbə qazanan milli komanda Azərbaycanda
Küveyt yığması tarixində ilk dəfə Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisi avqustun 11-də Bakıda yoldaşlıq görüşü çərçivəsində milli komandamızın qonağı olacaq. Bununla, yığmamız küveytlilərə qarşı ikinci dəfə qüvvəsini sınayacaq.

Belə ki, ilk oyun 2009-cu ilin fevralın 11-də baş tutub. Həmin vaxt Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışı çərçivəsində Küveytlə qarşılaşmışdı. Özü də həmin görüşdə millimizin 18 illik tarixində ən erkən qollardan biri qeydə alınmışdı. Vaqif Cavadov 1-ci dəqiqədə bitməmiş fərqlənməklə, hesabı açmışdı. Milli komandamızın alman baş məşqçisi Berti Foqtsun vaxtilə Küveyt yığmasını çalışdırması da görüşün prinsipiallığı artırır. FİFA-nın son reytinqində 96-cı olan küveytlilər iki pillə geriləsə də, mövqeyində (119-cu yer) qalan yığmamızı xeyli qabaqlayır.

İlk rəsmi oyununu 1961-ci ilin sentyabrın 3-də Mərakeşdə Liviyaya qarşı keçirən Küveyt 2:2 hesablı heç-heçə edib. Rəqibimizin ən böyük hesablı məğlubiyyətləri 0:8 hesablı olub. Bunlar 1961-ci ildə sentyabrın 3-də Mərakeşdə Misir, 2003-cü ilin noyabrın 19-da Portuqaliyada meydan sahibləri ilə oyunlarda qeydə alınıb.

Küveyt yığmasının tarixində ən böyük hesablı qələbəsi futbolda çox nadir hallarda müşahidə olunur. Belə ki, küveytlilər 2000-ci ilin fevralın 14-də evdə Butan yığmasını 20:0 hesabı ilə darmadağın ediblər. Bu, həmin vaxt üçün beynəlxalq oyunda ən böyük hesablı qələbə olub.

Həmin il Sidney Olimpiadasının iştirakçısı olan Küveyt beynəlxalq miqyasda yalnız Asiya kubokunda uğuru ilə öyünə bilər. 1976-cı ildə turnirin gümüş medalını qazanan yığma 4 il sonra növbəti yarışda artıq çempion olub. Asiya kubokunda bürünc mükafata da sahib çıxan (1984-cü ildə) Küveyt turnir ardıcıl üç dəfə medalçı olub. Dünya çempionatının final mərhələsinə yalnız bir dəfə çıxan rəqibimizin 1982-ci ildə İspaniyada çıxışı daha çox qalmaqalla tarixə düşüb. Belə ki, küveytlilər Fransa ilə oyunda hesabda 1:3 geridə olarkən, baş hakimin qərarına etiraz əlaməti kimi oyunu davam etdirmək istəməmişdilər. Görüş yalnız Şeyx Faxad Əl Əhmədin müdaxiləsindən və hakimin vurulan qolu ləğv etməsindən sonra davam etdirilmişdi.

Beynəlxalq yoldaşlıq görüşü

Küveyt - Azərbaycan 1:1

11 fevral. Əl-Küveyt. “Nasional” stadionu.
Baş hakim: Mahmud Əl-Mirdas (Səudiyyə Ərəbistanı)
Baş hakimin köməkçiləri: Nəser Əl-Mudfar, Faez Əl-Kabli (Səudiyyə Ərəbistanı)
Ehtiyat hakim: Atellah Əl-Jatli (Küveyt)
Sarı vərəqə: A. Çertoqanov
Qollar: V. Cavadov, 1 // T. Amer, 44

Azərbaycan

1. Kamran Ağayev
2. Rail Məlikov
3. Saşa Yunisoğlu
6. Elmar Baxşıyev
(17. Fabio Luis Ramim, 46)
7. Vaqif Cavadov
8. Aleksandr Çertoqanov
(15. Cavid Hüseynov, 46)
9. Samir Abbasov (k)
13. Ernani Pereyra
18. Leandro Qomeş
(5. Aqil Nəbiyev, 70)
19. Vüqar Nadirov
(16. Elvin Məmmədov, 57)
24. Tural Cəlilov
(4. Mahir Şükürov, 46)

Baş məşqçi: Berti Foqts

Küveyt

1. Şenar Kankuni
6. Məhəmməd Ruşed
2. Yaqub Əl-Tahir
13. Musad Nada
51. Əhməd Alenan
14. Təlal Nayef
27. Təlal Amer
11. Fəhad İbrahim
15. Vəlid Əli
17. Bada Lutvu
7. Fəhəd Əl-Rəşid

Baş məşqçi: Qoran Tüfedziç