“Muğan” Edis Kurtanoviçi transferə çıxarır
03.05.2010 - 15:00
“Muğan” Edis Kurtanoviçi transferə çıxarır
“Muğan” klubunun rəhbərliyi qapıçı Edis Kurtanoviçlə vidalaşır. Bu haqda apasport.az saytına Salyan təmsilçisinin vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. Onun sözlərinə görə, bosniyalı legioner transferə çıxarılacaq. Buna səbəb komandanın “Karvan”a öz meydanında 2:3 hesabı ilə uduzmasıdır.

“Həmin oyundan sonra atdığımız ilk addım onu əvəzedici komandaya göndərməyimiz oldu. Kurtanoviç məhz bu səbəbdən son turda “Standard”la görüşdə heç “18-liy”ə salınmadı. Hər bir futbolçu, o cümlədən qapıçı da səhv edə bilər. Ancaq onun artıq ilk hissədə 3 top buraxması bağışlanmaz idi. “Standard”la oyunda nəticə (2:0) bizim üçün çox vacib idi. Bu qələbə ilə artıq rahat nəfəs ala bilərik. Belə demək olar ki, Premyer Liqada qalmaq vəzifəsini yerinə yetirmişik”.

Şirəliyev, həmçinin bildirib ki, Kurtanoviçin müqaviləsi olduğundan, başqa kluba sərbəst qaydada keçə bilməz.