Ağasəlim Mircavadov: Onlar ümidləri doğrultmurlar
03.05.2010 - 15:11
Ağasəlim Mircavadov: Onlar ümidləri doğrultmurlar
“İvan Svetkovun “Neftçi” ilə oyunda ehtiyatda qalması zədə problemi ilə bağlı deyildi. Sadəcə, onu meydana buraxmağı lazım bilmədim”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Ötən mövsüm Peşəkar Futbol Liqasının mövsümün ən yaxşı hücumçusu və futbolçusu seçərək mükafatlandığı İvan Svetkov son oyunlarda əsas heyətdən kənarda qalıb. Mircavadov “Neftçi” ilə hesabat turundakı görüşdə bolqar hücumçunu heç sonradan da meydana buraxmağı lazım bilmədi: “Svetkov cari mövsümdə bir neçə oyun əsas heyətdə yer almır. Ötən il də belə olmuşdu. Ondan razı qaldığım vaxt da olub, narazı qalmadığım vaxt da. Hər bir futbolçuda eniş vaxtı olub və özünə gəlməsi üçün istirahət vermək lazımdır. İvan təcrübəli futbolçudur, özü üçün hər şeyi başa düşüb, hazırlaşmalıdır. Bilirsiniz, mövsümün sonuna az qalıb və qarşıdakı vacib oyunlarda heyətimizi dəyişmək fikrində deyilik. Əsas heyətdə meydana buraxdığım futbolçular əzmkar oynayırlar. Biz texniki-taktiki gedişlər edirik və futbolçularımız bunun üçün meydanda böyük əzmkarlıq etməlidirlər”.

“Xəzər-Lənkəran”ın ötən yay transfer etdiyi gənc futbolçular Nizami Hacıyevlə Ramazan Abbasov vaxtilə oynayırdılarsa, son görüşlərdə heç ehtiyatda da yer almırlar. Mircavadovun sözlərinə görə, onlar da hələlik ümidləri doğrultmur: “Hər şey ilk növbədə futbolçuların özündən asılıdır. Nizami mövsümün ilk yarısında əsas heyətdə meydana çıxırdısa, sonradan yerini itirdi. Komandamızda 23 futbolçu var. İki zədəli futbolçumuz – qapıçı Zabit Səfərovla braziliyalı yarımmüdafiəçi Juninyo Osvaldo istisna olmaqla, qalan 21-i əsas heyət üzvləridir”.