Finala bir addım qaldı: “Xəzər-Lənkəran”la “İnter” şanslıdır, “Bakı” çətin durumda
04.05.2010 - 10:02
Finala bir addım qaldı: “Xəzər-Lənkəran”la “İnter” şanslıdır, “Bakı” çətin durumda
Sabah keçiriləcək 2 oyunla Azərbaycan kubokunun finalçıları müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, mayın 22-də baş tutacaq həlledici görüşün iştirakçıları Bakı və Lənkəranda bəlli olacaq.

Unibank Premyer Liqasında ilk iki pillənin sahibi “Xəzər-Lənkəran”la “İnter”in finala çıxmaq şansı daha çoxdur. Hər halda, ilk qarşılaşmalarda münasib nəticə qazanan bu komandalar cavab görüşlərini evdə keçirəcəklər. Üstəlik, cənublularla bank təmsilçisinin rəqib meydanında vurduğu qollar onlara böyük üstünlük verir. Bu isə “Olimpik-Şüvəlan”la “Bakı”nı səfərdə mütləq qol vurmağa sövq edir. Yəni, onlar buna nail olmasa, finala vəsiqə qazanmayacaqlar.

Adətən öz meydanında uğurla çıxış edən, nadir hallarda uduzan “Xəzər-Lənkəran”a həlledici görüşə vəsiqə qazanmaq üçün qolsuz heç-heçə də yetərlidir. Ancaq sözsüz ki, lənkəranlılar meydana nəticəni qorumaq yox, qələbə qazanmaq üçün çıxacaq. Hər halda, ehtiyatlı oyun, 0:0 hesabını qorumaq sonda baha başa gələ bilər. Üstəlik, “Olimpik-Şüvəlan” çempionatda Lənkəranda uduzsa (1:2) da, hər halda, qol vurmağı bacarıb.

“Olimpik-Şüvəlan”dan fərqli, “Bakı”nın işi daha çətindir. Son ölkə çempionu təkcə səfərdə qol vurmalı yox, qalib gəlməlidir. “İnter” istənilən heç-heçə ilə həlledici oyuna çıxacaq. Sona iki tur qalmış 2 xal üstünlüklə lider olan “Xəzər-Lənkəran”ın çempion olmaq şansının çox olduğunu nəzərə alsaq, finala yüksəlmək “Bakı”ya çox lazımdır. Axı çempion həm də ölkə kubokunu qazansa, finalçı çempionatdakı nəticəsindən asılı olmayaraq, avtomatik avrokuboka yollanacaq. Özü də bu halda, bakılılar Avroliqada mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.

5 aprel

17:00. “İnter” – “Bakı”

Bakı. “Şəfa” stadionu
İlk oyun – 1:0

18:00. “Xəzər-Lənkəran” – “Olimpik-Şüvəlan”
Lənkəran. Mərkəzi stadion
İlk oyun – 1:1