“Ramiz Məmmədovun yerində olsaydım, onun kimi davranardım”
12.05.2010 - 14:29
“Ramiz Məmmədovun yerində olsaydım, onun kimi davranardım”
“Qəbələ” klubunun yeni baş məşqçisi Toni Adams bu gün təqdimetmə mərasimindən sonra brifinq keçirib. İngilis çalışdırıcı apasport.az saytının da suallarını cavablandırıb

- “Qəbələ” ilə bağladığınız müqavilə haqda nə deyə bilərsiniz?
- 3 illik müqavilə imzalamışam. Ancaq bu, başlanğıcdır.

- Toni Adams “Qəbələ”nin hazırkı baş məşqçisi Ramiz Məmmədovun aqibəti ilə üzləşsəydi, yəni sona bir-iki tur qalmış onun əvəzinə baş məşqçi gətirilsəydi, postunda qalardımı?
- Ramiz Məmmədovla ünsiyyətdə olmuşam. Deyə bilərəm ki, peşəkar insandır. Onun da təyinatıma reaksiyası normal idi. Ümumiyyətlə, Məmmədovun hazırda Avropa səviyyəli məşqçi lisenziyası yoxdur və bunu almaq onun üçün bir fürsətdir. Bununla bilik, bacarıqlarını, səriştəsini, vərdişlərini artırsın. Kim bilir, bəlkə də bir gün o, həqiqətən də qayıdıb, klublarda baş məşqçi çalışacaq və öz sözünü deyəcək. Mən Ramiz Məmmədovun yerində olsaydım, eyni şəkildə davranardım, rəftar göstərərdim.

- Azərbaycan futbolunda bizim məşqçilərlə əcnəbi mütəxəssislər arasında münasibətlər elə də yaxşı deyil. Yəni, öz məşqçilərimiz xaricdən gələn həmkarlarını bir o qədər bəyənmirlər, onlara qısqanclıqla yanaşırlar. Siz bu münasibəti aradan götürmək üçün nə etmək istəyirsiniz?
- Sizinlə razı deyiləm, heç razılaşmayacağam da. Hətta deyərdim ki, buradakı münasibət, rəftar İngiltərədən qat-qat yaxşıdır. Orda belədir. Misal üçün, biz burda Ramiz Məmmədovla yanaşı, “Bakı” klubunun məşqçisi ilə görüşmüşük. Oturub çay içib, söhbətləşib, dərdləşmişik. Çox yaxşı, mehriban münasibət var.

- İndiki komandanızın ilk baş məşqçisi Faiq Cabbarov qarşıya qoyulan vəzifəni, yəni güclülər dəstəsinə çıxdıqdan az sonra vəzifəsindən çıxarıldı. Onu əvəzləyən Ramiz Məmmədovun qarşısında cari mövsümdə “altılığ”a çıxmaq vəzifəsi qoyulmuşdu. O da buna nail olduqdan sonra postundan çıxarıldı. Siz də belə aqibəti üzləşməkdən qorxmursunuz?
- (gülür) Mən “Qəbələ” klubunda özümü rahat hiss edirəm. İşlərimin yaxşı gedəcəyinə əminlik var. Bəlkə də birinci il olmasa, növbəti mövsümdə ən yüksək yeri tutmaq hədəfi qoymuşuq.

- 14 il kapitanı olduğunuz Londonun “Arsenal” klubu 2000-ci ildə UEFA kubokunun finalında “Qalatasaray”a uduzdu. Həmin vaxt bütün Azərbaycan Türkiyə klubuna azarkeşlik edirdi. Həmin oyun haqda təəssüratlarınızı bilmək maraqlı olardı?
- Məncə, azarkeşlər Bakıda “Qalatasaray”ı dəstəkləməklə, məyus olmadılar. Qalibi müəyyənləşdirmək üçün penaltilər vurmalı olduq. Türkiyə klubu bizdən üstün oldu.

- hazırda “Qəbələ”də çıxış edən futbolçular tələblərinizə nə dərəcədə cavab verir? Heyətdə böyük dəyişiklər etmək fikriniz varmı?
- Hansısa köklü dəyişiklər olmayacaq. Çalışacağıq ki, əlimizdə olan özəyi saxlamaqla, həmin futbolçuların səriştəsini daha da artıraq, püxtələşdirək. Düzdür, bəzi əlavələr, kənardan gələnlər olacaq. Bu, qaçılmazdır. Ancaq bununla yanaşı, təməli saxlamaq fikrindəyik. Misal üçün, 5-6 futbolçu var ki, çox yaxşıdır. Bəziləri isə zəifdirlər, hələ inkişaf etməlidirlər. Onlar “Neftçi”, “Bakı”, “Qarabağ”la görüşlərdə yaxşı oyun göstərirdilərsə, gələcəkdə daha güclü klublarla oyunlarda qalib olmaq üçün hazırlaşmalıdırlar.

- “Qəbələ”nin Futbol Akademiyasına Əli Yavaş kimi tanınmış türkiyəli mütəxəssis rəhbərlik edir. “Qəbələ” bundan sonra hansı kursu tutacaq? Türkiyə - İngiltərə futbolunun sintezi, yoxsa?
- Düşünürəm ki, indiyədək qoyulan təməl, xüsusilə 17 yaşlılardan olan heyətə xüsusi diqqət yetirmək lazımdır. Həmin heyəti yaşı 17-ni aşmış, yetişmiş futbolçular var ki, biz onları ehtiyata, sonra isə əsas komandaya cəlb etməyi düşünürük. Əli Yavaşın son iki ildə gördüyü iş çox təqdirəlayiqdir. Biz də bu xətti davam etdirəcəyik.

- Maraqlıdır, Siz Azərbaycana gələnə qədər ölkəmiz haqda eşitmişdinizmi?
- (gülür) Avro-2006-nin təsnifat mərhələsinin oyunlarına qədər Azərbaycan haqda məlumatım yox idi. Ancaq həmin vaxt yığmanız milli komandanızla bir qrupa düşəndən sonra informasiyam artdı. Burada hamı ehtiraslı, həyəcanlı, səmimidir, öz hisslərini gizlətmirlər. Məsələn, əvəzedici heyətlərin oyununa baxırdım. Uduzan komanda elə ağlayırdı ki, sanki dünyanı itirmişdi. Həqiqətən də insanlarda həvəs var. Öz fikirlərini, ehtiraslarını meydançada sərgiləməkdən utanmırlar, usanmırlar. Həmçinin, şəxsi münasibətlərdə də.

- Milli komandanızın DÇ-2010-da şanslarını necə qiymətləndirərdiniz?
- Açığı, indi bu sualı gözləmirdim. Hazırda daha çox Azərbaycan, onun futbolu haqda, “Qəbələ”ni baş məşqçisi kimi danışmaq istəyirəm. Başqa vaxt, başqa yerdə İngiltərə, milli komandamız, “Arsenal” haqda söhbət edərik.

- Yeni gətirəcəyiniz futbolçular İngiltərə liqalarından olacaqmı?
- Əlbəttə, bu məsələyə real yanaşmaq lazımdır. Bura o məkan, bazar deyil ki, 20 nəfəri İngiltərədən bura köçürəsən. Halbuki, artıq iki nəfər namizəd var. Amma gəlin, tələsməyək.

- Həmin futbolçular İngiltərənin aşağı liqalarındandır?
- Böyük Britaniyadandırlar. Biri Şotlandiyadan, digəri isə bir az aşağı liqadandır.