Mövsümün son akkordu: XVIII Azərbaycan kuboku kimə qismət olacaq?
21.05.2010 - 23:05
Mövsümün son akkordu: XVIII Azərbaycan kuboku kimə qismət olacaq?
Mayın 23-də Azərbaycan kuboku uğrunda final oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Bakı” və “Xəzər-Lənkəran” arasında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşlə mövsümə yekun vurulacaq.

Start fiti saat 20:00-da veriləcək qarşılaşma hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Gümüş medalçı “Bakı” çempionluğunu qoruya, 4-cü olan “Xəzər-Lənkəran” isə mükafatçılar sırasına düşə bilmədiyi üçün mövsümü titulla başa vurmağa çalışacaq. Bunu bacaran XVIII Azərbaycan kubokunun qalibi olacaq.

İş elə gətirdi ki, “Bakı” ilə “Xəzər-Lənkəran” son bir həftədə ikinci dəfə həlledici oyunda görüşəcək. Bu komandaların Lənkərandakı oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatdı. Nəticədə “Xəzər-Lənkəran” çempionluq şansını əldən verməklə yanaşı, 4-cü pilləyə düşdü. Ancaq indi əsas söhbət əvəz çıxmaqdan daha çox Avroliqanın ikinci təsnifat mərhələsinə kimin getməsindən gedir.

Məlum olduğu kimi, ölkə kubokunun qalibi birbaşa II təsnifat mərhələsinə çıxacaq ki, bu da böyük üstünlükdür. “Bakı” ilə “Xəzər-Lənkəran” artıq avrokuboklara vəsiqə qazandığından, uduzan tərəf istənilən halda, ölkəmizi qitə miqyaslı turnirdə təmsil edəcək. Sadəcə, həmin komanda mübarizəyə ilk təsnifat mərhələsindən başlamalı olacaq.

Final iştirakçılarının Azərbaycan kubokunu qazanmaları da diqqət çəkən məqamdır. “Xəzər-Lənkəran” buna iki, “Bakı” isə bir dəfə - debüt mövsümündə (2004/05) nail olub. Özü də Lənkəran təmsilçisi hər iki halda indiki baş məşqçisi Ağasəlim Mircavadovun sayəsində istəyinə çatıb. Bundan əlavə, “Xəzər-Lənkəran” 2007-ci ildə “qızıl dubl” etdiyi zamanı 1/4 finalda “Bakı”nı mübarizəni kənarlaşdırıb. Səfərdə 2:0 hesablı qələbə qazanan cənub təmsilçisi evdə minimal hesabla uduzduğundan (0:1), iki oyunun nəticəsinə görə mübarizəni davam etdirib.

“Bakı”nın baş məşqçi postuna “altılığ”ın əvvəlində gələrək, sonda mükafat qazanan türkiyəli baş məşqçisi Cüneyt Biçər rəqibin önündə üstünlüyə malikdir. Belə ki, 35 yaşlı çalışdırıcı final mərhələsində “Xəzər-Lənkəran”la hər iki görüşdə eyni hesablı qələbə (1:0) qazanıb. “Bakı” ilk mərhələdə rəqibi üzərində qələbə qazana bilməsə (1:1, 0:3) də, oyunların ümumi balansında üstünlüyə malikdir.

Biçər “qalib heyəti dəyişməzlər” prinsipinə nə qədər əməl etməyə çalışsa da, bu, mümkün olmayacaq. Belə ki, moldovalı futbolçu Vadim Borets kubokun final oyununda cəzalı olduğu üçün meydana çıxa bilməyəcək. Zədəli futbolçulardan millimizin üzvü olan braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramim sağaldığı halda, türkiyəli müdafiəçi Gürşad Duymuş fərdi şəkildə hazırlaşır. “Xəzər-Lənkəran”da isə “Bakı” ilə son oyunda cəzalı olan qapıçı Kamran Ağayevlə slovakiyalı müdafiəçi İvan Pexada belə problem qalmayıb. Həmin görüşdə zədəli olduğundan adı heç “18-liy”ə daxil edilməyən honduraslı hücumçu Allan Lalinin meydana çıxacağı gözlənilir. Yeganə problem mövsümü zədə üzündən başa vurması hələ əvvəldən məlum olan braziliyalı yarımmüdafiəçi Juninyo Osvaldodur.

Qeyd edək ki, oyunu stadiondan izləməyə gələnlər qiymətli hədiyyələrə sahib çıxa bilərlər. Röya və digər ifaçıların çıxışı ilə şou-proqramla yanaşı, lotereya keçiriləcək. Belə ki, 1 manatlıq bileti alanlar “Nissan Sunny” markalı xarici avtomobilə və digər qiymətli hədiyyələrə sahib çıxa bilər.