“Kamran Ağayevin Avropada çıxış etməsi üçün çatışmayan cəhətləri var”
21.05.2010 - 23:13
“Kamran Ağayevin Avropada çıxış etməsi üçün çatışmayan cəhətləri var”
“Əlbəttə, Kamran Ağayev yaxşı qapıçıdır. İnanın mənə, hamı – həm biz məşqçilər, rəhbərlik, həm də Lənkəran camaatı istəyir ki, Kamran Avropada oynasın. Ancaq onun Avropada çıxış etməsi üçün çatışmayan cəhətləri var. Ağayev bunun görüb, bilməli, öz üzərində işləməlidir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Cənub təmsilçisində milli komandamızın da əsas qapıçısı olan Kamran Ağayevə kapitanlıq sarğısı etibar olunub. Mircavadovun sözlərinə görə, çalışqan qapıçı olan 24 yaşlı Ağayev son oyunlarda işgüzarlığı ilə yanaşı, sakit çıxış etməlidir: “Deyərdim ki, Kamran öz oyununu itirib. “Ulduz xəstələyi”nə tutulmasına inanmıram. Çünki elə insan deyil. Ancaq Kamranın səhvləri olur və biz bunu ona deyirik. Mən köməkçilərimdən, o cümlədən, qapıçılarla işləyən məşqçimiz Hafiz Əliyevdən çox razıyam. Bizdə qapıçılarla söhbət başqa cür olur. Çünki qapıçı başqa təbiətli insandır. Fikir vermisizsə, hokkeydə oyundan sonra – uddun, uduzdun, fərqi yoxdur - bütün oyunçular gəlib qapıçıya minnətdarlıq edirlər. İstəyirəm ki, burda da belə münasibət olsun. Ancaq ilk növbədə Kamran özü başa düşməlidir ki, bütün futbolçular onunla həmrəydir. Onlar çalışırlar ki, Ağayev səhv etməsin. Sahə oyunçularımız səhv edəndə Kamran onu aradan qaldırır. Ancaq Kamran səhv edəndə arxada heç kim yoxdur ki, onun səhvini düzəltsin”.

Ağayev cəza üzündən Unibank Premyer Liqasının son turunda Bakı” ilə çempionluq uğrunda vacib oyunda komandasına kömək bilmədi. “Xəzər-Lənkəran”ın təcrübəli çalışdırıcı gənc qapıçının çoxlu vərəqə almasından, həddən artıq çılğın olmasından narazıdır: “Kamranın birinci səhvi o oldu ki, “Qarabağ”la görüşdə 4-cü sarı vərəqəni aldı. Biz ona dəfələrlə demişdim ki, 3 sarı vərəqən var, sakit oyna. Qapıçı üçün 4 sarı vərəqə almaq həddin artıq çoxdur və bu, Kamranın nöqsanıdır. Ola bilər ki, bir il ərzində 1-2 vərəqə alasan, bu da vaxtı gecikdirdiyinə, yaxud kobud oyuna görə. Səmimi deyirəm, Kamran bu mövsüm sabit oynamadı. Bildiyiniz kimi, ötən il 3-4 ay zədə üzündən oynamadı, sonradan özündə güc tapdı. Sağ olsun, “Xəzər-Lənkəran”ın prezidenti onu əməliyyata göndərdi, ayağa qaldırdı. Maşallah, indi vəziyyəti yaxşıdır, hər şey qaydasındadır”.

Digər qapıçısı Dmitri Kramarenkodan razı qalan Mircavadov onun daha çox ehtiyatda qalmasına baxmayaraq, komandada rolunun böyük olmasından danışıb: “Deməzdim ki, “Bakı” ilə oyunda qolda Kramarenkonun səhvi oldu. Düzdür, cərimə zərbəsi yetirilən zaman gərək topa çıxaydı. Ancaq çıxmadı, qapımıza qol vuruldu. Bu qolu çıxmaq şərti ilə Kramarenko çox normal oynadı. Mən bunu açıq deyirəm. Dmitrinin komandada olmağı Kamranın inkişafına müsbət təsir göstərir. Bizdə iki yeniyetmə qapıçı var, onları da hazırlığımıza dəvət etmişik. Kramarenko onları da öyrədir. Bütün bunlar lazımdır”.

Təcrübəli mütəxəssis bildirib ki, Ağayevin bu səviyyəyə gəlib çatmasında 36 yaşlı Kramarenkonun böyük əməyi var: “Oyun praktikasına gəlincə, Dmitri həmişə istəyirdi ki, oynasın. Hətta elə oyunlar olub ki, Kamranı meydana buraxmağı istəməmişəm. Ancaq Kramarenko məni məcbur edib ki, yox, qoy Kamran qapıda dursun. Deməzdim ki, Dmitri əsas heyətə düşmək uğrunda mübarizə aparmır. Bilirsiniz ki, o, Kamrana atalıq qayğısı göstərir”.

Mehman SÜLEYMANOV