Mircavadovun rekordları: Biri var, üçü yox
22.05.2010 - 00:19
Mircavadovun rekordları: Biri var, üçü yox
Ötən həftə ölkə kubokunun finalçılarının adları məlum oldu. Apasport.az saytının xəbərinə görə, "Olimpik-Şüvəlan" səddini aşan "Xəzər-Lənkəran"ın baş məşqçisi Ağasəlim Mircavadov üçün bu qələbə xüsusi əhəmiyyət kəsb etmişdi. Çünki mayın 23-də keçiriləcək final matçında 63 yaşlı mütəxəssis yeni Azərbaycan rekordunu müəyyənləşdirəcək.

Bəlkə də Mircavadovun özü də bilmir ki, 5-ci dəfə final həyəcanı yaşamaqla, buna nail olan ilk mütəxəssis olacaq. 1992-ci ildən start götürən və 18-ci dəfə keçirilən yarışın tarixində baş tutan 16 finalda heç kim belə uğur qazanmayıb. Xatırladaq ki, finalların sayının turnirlərlə müqayisədə az olması, 2001/02 mövsümünün yarımçıq qalması ilə bağlıdır.

Mircavadov karyerası ərzində iki klubla həlledici oyunun iştirakçısı olub. İndiyədək iki dəfə "Qarabağ", iki dəfə "Xəzər-Lənkəran" baş məşqçisinin final matçını həyəcanla izləməsinə səbəb olub. Ağdamlılar yalnız bir dəfə - 1993-cü ildə Mircavadovu sevindirib. O vaxt onlar Sabirabad "İnşaatçı"sını əlavə vaxtda məğlub etmişdi - 1:0. 1995/96 mövsümündə isə "Neftçi" Mircavadov və yetirmələrinə əməlli-başlı "divan tutdu". Həmin qarşılaşma ölkə kubokunun finalları tarixinə yeganə böyükhesablı nəticə kimi düşüb - 3:0.

Çalışdırıcının "Xəzər-Lənkəran"dakı fəaliyyətinə isə bir ad vermək olar - kubokda yenilməzlik. İlk iki mövsümdə növbə ilə "MKT-Araz" və "İnter"i məğlub edən lənkəranlılar çalışdırıcılarının kuboklarının sayını 3-ə çatdırdı. 2006/07 mövsümündə Mircavadov bir, növbəti mövsüm isə əlavə vaxtdakı iki cavabsız qola sevindi. İndiyədək 4 final görən mütəxəssis bu göstəricidə rekorda şərik idi. Budəfəki finalla Mehman Allahverdiyevi arxada qoyan Mircavadov gəncəli həmkarının daha üç rekorduna çatmaq niyyətindədir. Belə ki, karyerası ərzində yalnız "Kəpəz"də çalışmış Allahverdiyev həlledici matçların məğlubedilməzidir. Hamıdan çox - 4 kubok qazanan həmkarına elə bu həftə çatmaq üçün Mircavadova "Bakı"nı məğlub etməsi lazımdı.

Bir komanda ilə 4 finalda oynamaq, eyni klubla 4 kubok qazanmaq rekordlarını təkrarlamaq üçün isə 63 yaşlı mütəxəssis hələ ən azı bir, bəlkə də bir neçə mövsüm gözləməlidir. Təbii ki, indi rəhbərlik etdiyi "Xəzər-Lənkəran"dan ayrılmamaq şərti ilə.

Buna Allahverdiyevin Gəncə təmsilçisindəki göstəriciləri səbəb olub. 50 yaşlı mütəxəssis bu klubla yüksəldiyi 4 finalda rəqibin kimliyinə varmadan onlara qarşı amansız olub. O, baş məşqçi kimi debüt etdiyi 1993/94 mövsümünü də titulla bitirmişdi. Həmin vaxt "Kəpəz" Lənkəran "Xəzər"inin finala qədərki sensasiyalarına son vermişdi - 2:0. Gəncəlilər növbəti kuboku 3 il gözləməli oldu. Və bu intizar 4 ilə 3 mükafatla tamamlandı. 1996/97 mövsümündə "Xəzri"yə bir, növbəti il "Qarabağ"a iki cavabsız qol vuran Allahverdiyevin yetirmələri bu finalın iki il sonrakı təkrarında da amansız oldu. 1997/98 mövsümündə olduğu kimi 1999/2000 mövsümündə də gəncəlilər Ağdam klubunu iki qola "qonaq etdi". Lakin bu dəfə məğlub komanda təsəlli topunu vurmağa imkan tapdı.

Allahverdiyev və Mircavadov kimi daha bir məşqçi 3 və daha çox final həyəcanı yaşaya bilib. Bu təcrübəli çalışdırıcılardan sayılan Böyükağa Ağayevdir. İlk dəfə 15 il əvvəl həlledici oyuna çıxan Ağayev rəhbərlik etdiyi "Kür-Hur"un titul qazanmasını görə bilmədi. İkinci dəfə finalda oynayan Mingəçevir təmsilçisi "Neftçi"nin elə ilk cəhddən qələbə qazanmasını əngəlləyə bilmədi. Bakılıların yeganə qolu həlledici oldu. Üç il sonra Ağayev "Qarabağ"ı "Kəpəz" qarşısına çıxardı. Yuxarıda da qeyd etdiyimiz oyunda Allahverdiyevin yetirmələri iki cavabsız qolla sevindi. İki klubla finalda uduzan mütəxəssis ağdamlılarla ikinci cəhdində "şeytanın qıçını qıra bildi". "Qarabağ" 4 il əvvəlki finalda "Karvan"ı əzmkarlıq hesabına məğlub etdi - 2:1.

Ümumilikdə isə indiyə kimi 20 baş məşqçi final həyəcanı yaşayıb. Adıçəkilən 3 mütəxəssis kimi daha 4 çalışdırıcı bir dəfədən artıq final görüb. Maraqlıdır ki, iki dəfə həlledici matça komanda çıxaranların heç biri bir qələbə və bir məğlubiyyət prinsipinə sadiq qalmayıb. Belələri ya hər iki halda kubok qazanıb, ya da hər ikisində finala çıxmaqla kifayətlənib. Kazbek Tuayev "Neftçi"nin titulları sırasına 2 Azərbaycan kuboku əlavə edə bilib. Əsgər Abdullayev isə finala çıxardığı hər iki komandada qalib olub. O, həm "Şəfa", həm də "Bakı"da bu sevinci yaşayıb. Həlledici görüşləri uduzmaq üzrə "ixtisaslaşan"laın da biri eyni, digəri isə fərqli klublarda buna imza atıb. Valentin Xodukin "İnter"lə ardıcıl iki finalı uduzub. Rəşid Özbəyov isə 4 il fasiləylə əvvəl Sabirabad "İnşaatçı"sı sonra isə "Xəzri"ni kubokunu ikinci komandasına çevirib.

Qeyd edək ki, "Bakı"nın baş məşqçisi Cüneyt Biçər finalın canlı şahidi olacaq 21-ci mütəxəssisdir.

Azərbaycan kubokunun finalçı məşqçiləri

1. Mehman Allahverdiyev - 4 (4)
2. Ağasəlim Mircavadov - 4 (3)
3-4. Kazbek Tuayev - 2 (2)
Əsgər Abdullayev - 2 (2)
5. Böyükağa Ağayev - 3 (1)
6-9. Əhməd Ələsgərov - 1 (1)
Qurban Qurbanov - 1 (1)
Vaqif Sadıqov - 1 (1)
Məmmədəli Məmmədov - 1 (1)
10-11. Rəşid Özbəyov - 2
Valentin Xodukin - 2
12-20. Şamil Əhmədli - 1
Ağadadaş Həmidov - 1
Hazim Mehrəliyev - 1
Anatoli Konkov - 1
İqor Nakoneçnı - 1
Yunis Hüseynov - 1
Asəf Namazov - 1
Oqtay Abdullayev - 1
Qəhrəman Əliyev - 1

Mənbə: “Ekspressfutbol” qəzeti