Frank Riberi dünyanın ən varlı futbolçularından birinə çevrilir
22.05.2010 - 01:18
Frank  Riberi dünyanın ən varlı futbolçularından birinə çevrilir
“Bavariya”nın yarımmüdafiəçisi Frank Riberinin komandanı tərk edəcəyi barədə iddialar yalan çıxa bilər. apasport.az saytının xəbərinə görə, Fransa yığmasının futbolçusu ən yaxın vaxtlarda klubla müqaviləsinin müddətini 2015-ci ilin sonunadək uzadacaq.

27 yaşlı futbolçunun "Bavariya" ilə mövcud anlaşmasının vaxtı gələn yayda başa çatır. Bu isə futbolçunun İngiltərə və ya İspaniyanın böyük klublarından birinə keçəcəyini bildirir. "Bavariya"nın rəhbərləri Karl-Haynts Rummenigge, Uli Höness, Karl Hopfner və Kristian Herlinger dünən futbolçunun menecerləri ilə Madriddə görüşüblər. "Bavariya" həmin şəhərdə Çempionlar Liqasının (ÇL) finalında "İnter" ilə qarşılaşmaya hazırlaşır.

Aparılan danışıqlar nəticəsində tərəflər razılığa gəliblər ki, yeni anlaşmada Riberinin ildə 10 milyon avro maaş alması nəzərdə tutulsun. Bu isə fransız futbolçunu dünyanın ən çox pul alan oyunçularından birinə döndərəcək. Fransız havbekin özü ÇL-in yarımfinalında məruz qaldığı diskvalifikasiyadan dolayı "İnter"lə oyunda meydana çıxmayacaq. O, hazırda Fransa yığmasının Alp dağlarındakı Tinye məkanındakı təlim-məşq bazasındadı. Bu gün Madridə yollanacaq Riberi "Bavariya" ilə müqavilə imzalayacaq və klub yoldaşlarını dəstəkləyəcək.