“Görüşdüyüm xanım var, İngiltərədə yaşayır”
22.05.2010 - 23:05
“Görüşdüyüm xanım var, İngiltərədə yaşayır”
Azərbaycan yığmasının və “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışovun apasport.az saytına müsahibəsi

- Boş vaxtlarını necə keçirirsiniz?
- Günün çox hissəsini məşqdə, bazada keçirirəm. Boş vaxtım olanda məscidə gedirəm. Axşam çağı isə dost-tanışla görüşüb, çay içir, şəhəri gəzirik.

- Ümumiyyətlə, sizin gündəlik rejiminiz necədir?
- Səhər məşqi olanda, saat 9-da yuxudan oyanıram. Təbii ki, yuxudan oyandıqdan sonra yemək yeyib, bazaya yollanıram. Məşqdən çıxdıqdan sonra nahar edib, yatıram. Vaxtım olanda şəhərin bir guşəsində istirahət edirəm.

- Adətən istirahəti hərə bir cür dəyərləndirir. Kimi yatmaqla, kimi gəzməklə dincəlir. Siz, necə istirahət edirsiniz?
- Çalışıram aktiv istirahət edim. Çox yatmağa aludə deyiləm. Təbii ki, məşqdən sonra mütləq yatıb, dincəlməliyəm. Günümü maraqlı keçirməyə çalışıram.

- Adətən gənclər tez-tez əyləncə mərkəzlərinə, kafe və barlara üz tuturlar. Siz necə, bu cür yerlərə baş çəkməyi xoşlayırsınızmı?
- Sözün düzü, bu cür yerlərə getməklə aram yoxdur. Həm də Bakıda inkişaf etmiş əyləncə mərkəzi yoxdur. Olanlara da getmək istəmirəm. Ən yaxşısı, dostlarımla birgə vaxt keçirməkdir.

- Sizi bu cür yerlərdən qaçıran səbəblər hansılardır?
- Sadəcə, həvəsim yoxdur.

- Bəs qızların sevimlisi olan Ruslan onların jestlərinə necə cavab verir?
- Açığı, zəng vuran qızlar olur. Bilmirəm, telefon nömrəmi hardan ələ keçirirlər. Təbii ki, cavabım onları məyus edir. Çünki hələ nə evlənmək, nə də sevmək haqqında düşünürəm.

- Zəng vurub nə deyirlər?
- Tanış olmaq istədiklərini bildirirlər. Mən də onlara “yox” deyirəm. Hələ tezdir. Düzdür, hər bir gənc oğlanın sevdiyi və ya gəzdiyi qız olmalıdır. Ancaq onlara mənfi cavab verirəm. Sonra dost olmağı təklif edirlər. Lakin bunun sonu olmayacaqsa, danışmağın və ya görüşməyin nə mənası var? Bunu nəzərə alıb, bu münasibətin başlanmasına razı olmuram.

- Dost olmağa nə mane olur?
- Oğlanla qızın dostluğunun sonu necə nəticələnir, bunu hamımız bilirik. Mən bu cür işlərlə vaxtımı keçirmək istəmirəm.

- Bayaq qeyd etdiniz ki, hər bir gənc oğlanın qızla gəzməsi, əylənməsi normaldır. Sizin necə, gəzdiyiniz, münasibət qurduğunuz xanım varmı?
- Var. Bunu gizlətmək niyyətində də deyiləm. Ancaq o, Azərbaycanda deyil, xarici ölkələrdən birində yaşayır. İldə 1-2 dəfə Bakıya gəlir. Ancaq həmin vaxt görüşə bilirik.

- Sirr deyilsə. Hansı ölkədə yaşayır?
- İngiltərədə. Milliyətcə azərbaycanlıdır. Orada işləyir. Sırf təsadüf nəticəsində tanış olmuşuq. Özü yaxınlaşıb, tanış olmaq istədiyini bildirdi.

- Harada tanış olmusunuz?
- Bakıda. Hava limanında. Hansısa ölkədən gəlirdik. Mənə yaxınlaşıb, məqsədini bildirdi. Sözün düzü, gözəl qızdır. Mənim də ondan xoşum gəlir. Telefon nömrəsini verdi. Bundan sonra danışdıq və münasibətimiz quruldu. Onun burada yaşamaması mənim xeyrimə oldu. İndi bütün diqqətimi futbola yönəldirəm. Həm də söz-söhbətdən uzağam. Nə qədər yaxşı oynasam da, qızla görəndə istər-istəməz mentalitetimizdən irəli gələn halla, qınaqla qarşılaşa bilərdim. Deyəcəkdilər ki, buna bax, gedib futbolunu oynamır qızla gəzir.

- Ümumiyyətlə, diqqətinizi cəlb edən xanım olubmu və ondan xoşunuz gəldiyini necə bildirmisiniz?
- Əlbəttə, olub. Ancaq utandığımdan yaxınlaşa bilməmişəm. Ona görə də hansısa qıza ondan xoşum gəldiyini deyə bilməmişəm.

- Xanım müğənnilərimizlə aranız necədir?
- Hamı bilir ki, Röyanın pərəstişkarıyam. Həmişə onun mahnılarına qulaq asıram.

- Onu sənətinə görə bəyənirsiniz, yoxsa bir xanım kimi sevirsiniz?
- Ancaq sənətinə görə.

- İnternetdə çoxmu vaxt keçirirsiniz?
- Demək olar, yox. Ancaq şəxsi “mail”mə gələn məktubları oxumaq üçün internetə qoşuluram.

- Bəs İngiltərədə yaşayan qız dostunuzla necə əlaqə saxlayırsınız?
- Telefon vasitəsi ilə danışırıq. Bilirsiniz, biz bir-birimizə qapanmamışıq. Dünya görmüş insandır. O da bilir ki, bunun sonu yoxdur.

- Dostlarınız necə, çoxdurmu?
- Ən yaxın dostlarım qardaşlarımdır. Məndən böyük iki qardaşım var. Onlardan başqa, etibarlı, dar gündə mənə dayaq duracaq dostlarım da az deyil. Kimə çəkinmədən inana biləcəyimi bilirəm. Həmin insanlar heç vaxt mənə arxa çevirməz.

- Bəs Ruslan Abışov yaxşı dostdur?
- Ümumiyyətlə, sirlərimi dostlarımla çox paylaşmağı sevmirəm. Necə deyərlər, dostunun da dostu var. Həm də həyatdır. Bilmək olmaz. Sabah bu münasibət hansı məcrada davam edəcək.

- Lider olmağı necə, xoşlayırsınızmı?
- Əlbəttə. Xoşlayıram. Oynadığım komandaların əksəriyyətində sonra kapitan olmuşam. Bu qismətdir. Yəni zorla deyil. Öz oyunumla, əməyimlə lider olmuşam. İnşallah, gələcəkdə həm yığmada, həm də “Neftçi”də lider futbolçulardan biri olmağa çalışacağam.

- Neçə yaşınızda ailə qurmağı düşünürsünüz?
- Ən azı yaxın 4 ildə evlənmək haqqında düşünmürəm. Həm də bu planla olmur. Qismətdən çox şey asılıdır. Sabah nə baş verəcəyini bilmək olmaz.

- Ən böyük arzunuz nədir?
- Futbolda yaxşı mənada iz buraxmaq. Təbii ki, əvvəlcə Azərbaycan futbolunu Avropada layiqincə təmsil etməyi düşünürəm. Çünki 7 yaşımdan futbol oynayıram. Qoy, sabah karyeramı bitirəndə unudulmayım, əksinə tez-tez xatırlanım.