Ronaldonun məşqçisi Azərbaycandan təklif alıb
24.05.2010 - 12:03
Ronaldonun məşqçisi Azərbaycandan təklif alıb
Tanınmış rumıniyalı mütəxəssis Laslo Boloni karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Bakı klublarından təklif alan 57 yaşlı çalışdırıcı baş məşqçi kimi ölkəmizdə çalışmağa razılıq verib. Təmsilçimizlə ilkin razılıq əldə edən Boloni böyük məbləğdə əmək haqqı istədiyindən danışıqlarda fasilə yaranıb. Paytaxt komandası məşhur məşqçinin istəyi üzərində baş sındırmaq üçün müəyyən vaxta ehtiyac duyub.

Futbolçu karyerasında bir neçə klubda oynamış Boloninin ən böyük uğurları “Styaua” ilə bağlıdır. 1984-87-ci illərdə şərəfini qoruduğu Buxarest təmsilçisində 3 dəfə ölkə çempionu (1984/85, 1985/86, 1986/87), 2 dəfə Rumıniya kubokunu (1984/85, 1986/87) qazanan Boloni, 1986-cı ildə Çempionlar kuboku və UEFA Superkubokunun qalibi olub.

Baş məşqçi karyerasına Fransanın “Nansi” klubunda (1994-2000) başlayan mütəxəssis 2000-01-ci illərdə Rumıniya yığmasını çalışdırıb. 2001-03-cü illərdə isə Boloni məşhur Kriştiano Ronaldonun çıxış etdiyi Portuqaliyanın “Sportinq” klubuna başçılıq edib. İlk mövsümdə daxili arenada mümkün olan bütün titulları qazanan Boloni Portuqaliya çempionu, kuboku və Superkubokunu qazanıb.

2003-06-cı illərdə Fransada “Renn”, 2006-da “Monako”, 2007-08-də BƏƏ-nin “Əl-Cəzirə”, 2008-10-da Belçikanın “Standard” klublarını çalışdırıb. 2007-ci ildə Asiyada Körfəz çempionlarının kubokunu qazanan Boloni, ötən il Belçikada çempionluq və kubok sevinci yaşayıb. 1977 və 1983-cü illərdə Rumıniyada ilin futbolçusu, 2009-cu ildə isə Belçikada ilin məşqçisi seçilib. Rumıniyalı bu il fevralın 10-da “Standard” klubundan istefa verib.