Vadim Borets Moldova - Azərbaycan görüşü üçün proqnoz verdi
24.05.2010 - 12:49
Vadim Borets Moldova - Azərbaycan görüşü üçün proqnoz verdi
“Azərbaycan milli komandasına qarşı yenə oynamağı çox istərdim. Ancaq əfsuslar olsun ki, bu, zədə üzündən mümkün olmayacaq. Yığmamızın rəhbərliyinə bu haqda məlumat vermişəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Moldova yığmasının futbolçusu Vadim Borets deyib.

Ölkəmizdə 5 ildir oynayan, əvvəl “Neftçi”, son iki ildə isə “Bakı” klubunun şərəfini qoruyan 34 yaşlı yarımmüdafiəçi baş məşqçi dəyişikliyindən sonra yığmasına qayıtmaq imkanı qazandı. Hər halda, İqor Dobrovolskini əvəzləyən Qabi Balint Boretsə dəvət göndərməyi lazım bilib. Ancaq Vadim Avstriyada mayın 26-da Azərbaycan, bundan üç gün sonra Birləşmiş Ərəb Əmirlikləri ilə yoldaşlıq görüşlərində iştirak edə bilməyəcək: “Köhnə zədəm problem yaratdı. Hələ “Standard”la 1/4 final mərhələsində səfərdə 3:1 hesabı ilə qələbə qazandığımız cavab görüşündə ayağım burxulmuşdu. Bundan sonra çempionatda iki görüşü buraxmalı oldu. Bunlardan biri “Neftçi”yə 0:1 hesabı ilə uduzduğumuz oyun idi. Azərbaycan kubokunda final oyunu öncəsi ayağımda ağrılar yarandı. İndi tam sağalmağım lazımdır. Çünki az sonra yeni mövsüm başlayır və “Bakı”nın heyətində Avroliqada çıxış edəcəyik. Yığmamın qarşıdakı oyunları isə yoldaşlıq xarakteri daşıyır. Mən zədə üzündən gələ bilməyəcəyimi dedim ki, yığmanın rəhbərliyi buna üzüldü. Elə mən də təəssüfləndim. Hər halda, uzun müddətdir oynadığım, yaxşı tanıdığımız futbolçulara qarşı oynamağı çox istərdim. Ancaq görünür, qismət deyilmiş”.

Maraqlıdır, indiyədək milli komandamıza qarşı oynamış Borets kənarda qalacağı görüşdən nə gözləyir? Vadimlə söhbətimizdə nəticə ilə bağlı fikrinin dəyişməsi məlum oldu: “Hər halda, Azərbaycan yığmasına qarşı iki dəfə oynamışam. Bunlar Kişinyovda olan görüşlərdir. Birində 2:1 hesablı qələbə qazanmış, digərində qolsuz heç-heçə etmişdik. Azərbaycan yığması ilə rəsmi görüşün iştirakçısı olmağı arzulayıram. Azərbaycanla oyunumuz rəsmi xarakteri daşımasa belə, maraqlı olmalıdır. Əvvəl düşünürdüm ki, yığmamız 1:0 hesabı ilə qalib gələcək. Ancaq indi proqnozum belədir ki, oyun heç-heçə - 0:0, yaxud 1:1 hesabı ilə nəticələnəcək. Düzdür, Azərbaycan yığması, elə milli komandamız da qalib gələ bilər”.

Mehman SÜLEYMANOV