Yığmamızın sabiq futbolçusu “Standard”ın məşqçisi olmaq istəyir
24.05.2010 - 14:35
Yığmamızın sabiq futbolçusu “Standard”ın məşqçisi olmaq istəyir
“Standard”la müqaviləm başa çatıb. İndi AFFA-nın İcraiyyə Komitəsinin iclasını gözləyirik. Məhz bu toplantıdan sonra komandamızın hansı dəstədə oynayacağı dəqiqləşəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu, son mövsümü “Standard” klubunun heyətində keçirmiş Kamal Quliyev deyib.

Karyerası ərzində “Neftçi”, “Karvan” və “Xəzər-Lənkəran”ın da formasını geyinən Quliyev bir müddət ölkə xaricində də top qovub. O, Ukraynada legioner həyatı yaşayıb. 30 yaşlı futbolçu karyerasını doğma şəhərini təmsil edən komandada davam etdirmək niyyətindədir: “Çox istərdim ki, “Standard”da qalım. Evimin içidir, uşaqlara öyrəşmişəm. Elə karyeramı da burada bitirmək istəyirəm. Lap I divizionda oynasaq da, komandada qalmağa razıyam”.

Ən azı 1 il də oynamaq niyyətində olan müdafiəçi gələcək planları barədə də danışıb: “Bir il oynamaq istəyirəm. Karyeramı davam etdirib-etdirməyəcəyimə bundan sonra qərar verəcəyəm. Allah eləməsin, bəlkə ciddi zədə aldım, futbolla vidalaşmalı oldum? Həm də gələcəkdə də məşqçi kimi “Standard”da çalışmaq istəyirəm”.