Mahmud Qurbanov mükafat kolleksiyasını daha da zənginləşdirdi - STATİSTİKA
24.05.2010 - 17:13
Mahmud Qurbanov mükafat kolleksiyasını daha da zənginləşdirdi - STATİSTİKA
Azərbaycanın ən titullu futbolçusu Mahmud Qurbanov ölkə kubokunda da rekordçu oldu. Apasport.az saytının məlumatına görə, “Bakı” klubunun 37 yaşlı yarımmüdafiəçisi karyerasında 5-ci dəfə Azərbaycan kubokunu qazandı.

Mahmud bu titulun ikisinə karyerasını ən çox hissəsini keçirdiyi “Kəpəz”də yiyələnib. Gəncə futbol məktəbinin yetirməsi 4 kubokun yarısında doğma şəhərin komandasının heyətində olub. Qurbanov bundan sonra “Neftçi”, “Xəzər-Lənkəran” və “Bakı” ilə ölkə kubokunun sevincini yaşayıb. Təcrübəli yarımmüdafiəçi “Kəpəz”, “Neftçi” və “Xəzər-Lənkəran”la müxtəlif mövsümlərdə “qızıl dubl” edib ki, bu da eyni zamanda çempionluğu da qazanması deməkdir.

Mahmudun hesabında 10 çempionluq var ki, bu da mütləq rekorddur. Əslində, bunun sayı 11-dir ki, UEFA 1997-ci ildə “Qarabağ”ı yox, məhz “Neftçi”ni çempion kimi tanıyıb. Ancaq AFFA həmin mövsümdə əvəzedici komandaların da nəticələrini nəzərə alaraq, Qurbanovun heyətində yer aldığı “Neftçi”yə gümüş medallar verdi. 15 titulu, gümüş və bürünc medalları da nəzərə alsaq, Mahmudun hesabında 19 mükafat var. O, 2007-ci ildən bu yana mövsümü nəinki mükafatsız, titulsuz bitirmir.

Mahmud Qurbanovun qazandığı mükafatlar

1994-cü il: “Kəpəz” – bürünc medal, Azərbaycan kuboku
1995-ci il: “Kəpəz” – qızıl medal
1996-cı il: “Kəpəz” – bürünc medal
1997-ci il: “Neftçi” – gümüş medal (UEFA-nın versiyası ilə qızıl medal)
1998-ci il: “Kəpəz” – qızıl medal, Azərbaycan kuboku
1999-cu il: “Kəpəz” – qızıl medal
2000-ci il: “Şəmkir” – qızıl medal
2001-ci il: “Şəmkir” – qızıl medal
2004-cü il: “Neftçi” – qızıl medal, Azərbaycan kuboku
2005-ci il: “Neftçi” – qızıl medal
2007-ci il: “Xəzər-Lənkəran” – qızıl medal, Azərbaycan kuboku
2008-ci il: “İnter” – qızıl medal
2009-cu il: “Bakı” – qızıl medal
2010-cu il: “Bakı” – gümüş medal, Azərbaycan kuboku

Mehman SÜLEYMANOV