Zeynal Məmmədov: “Orduspor” Ramimi almaq üçün bizə müraciət etməlidir
25.05.2010 - 17:54
Zeynal Məmmədov: “Orduspor” Ramimi almaq üçün bizə müraciət etməlidir
“Biz Fabio Luis Ramimlə müqavilənin müddətini artıq uzatmışıq. O, anlaşmaya əsasən daha iki il bizim futbolçudur. “Orduspor”un rəhbərliyi Fabionun transferi ilə bağlı nə deyirsə, bu, onların problemidir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov deyib.

“Orduspor”un prezidenti Nedim Türkmən Türkiyə mətbuatına açıqlamasında bildirib ki, “Bakı”nın və yığmamızın braziliyalı futbolçusu Fabio Luis Ramimlə prinsipcə anlaşıblar. Onun sözlərinə görə, Ramim yaxında Türkiyəyə gələrək, onlarla 1,5 illik müqavilə bağlayacaq. Məmmədov isə transferin baş tutması üçün onların razılığının vacibliyini qeyd edir: “Çünki Ramim müqavilə ilə məxsusdur və bu səbəbdən özbaşına gedib başqa klubla anlaşa bilməz. “Orduspor” onu həqiqətən də transfer etmək istəyirsə, bizə müraciət etməli, danışıqlara gəlməlidir. Əgər bu, müsbət yekunlaşarsa, niyə də olmasın? Fabio yığmamızın futbolçusudur. Biz onun inkişaf etməsində maraqlıyıq. Ancaq “Orduspor”dan Ramimlə bağlı heç bir müraciət almamışıq”.

“Bakı”nın baş meneceri heç bir futbolçunu zorla saxlamaq fikrində olmadıqlarını söyləyib: “Futbolçuların pulunu müqavilənin sonuna qədər qəpiyinə kimi veririk. Fabio ilə yeni müqavilə ilə bağlı söhbətimiz zamanı başqa klubda oynamaq istəyində olub-olmadığını soruşdum. O, bizimlə razılığa gəldisə, deməli, karyerasını “Bakı”da davam etdirmək istəyir. Bilirsiniz, bizim üçün futbolçunun istəyi əsasdır. Təbii ki, oyunçunu saxlamağı rəhbərlik də istəməlidir. Ancaq əsas məsələ futbolçunun ürəklə oynamasıdır. Ürəklə oynamasa, komandada vaxt keçirəcək. Futbolçu istəksiz qalsa, bu, effekt verməyəcək, əksinə, komandanın ziyanına işləyəcək”.

Mehman SÜLEYMANOV