Azərbaycanlı futbolçu Azərbaycan çempionunu pərişan etdi
26.05.2010 - 09:49
Azərbaycanlı futbolçu Azərbaycan çempionunu pərişan etdi
Azərbaycan çempionu Robertas Poşkus Ukraynada darmadağınla üzləşib. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” klubunun heyətində Unibank Premyer Liqasının qalibi olan litvalı hücumçunun yer aldığı yığma Ukrayna millisi ilə Xarkov şəhərində keçirilən yoldaşlıq görüşündə 0:4 hesablı məğlubiyyət alıb.

Əsas heyətdən kənarda qalan Poşkus 58-ci dəqiqədə meydana daxil olan zaman komandası hesabda 0:2 geridə imiş. Həmin vaxt litvalıları cəzalandıran isə azərbaycanlı futbolçu Aleksandr Əliyev olub. Belə ki, Moskvanın “Lokomotiv” klubunda çıxış edən soydaşımıza dubl etmək üçün 6 dəqiqə (11 və 17-ci dəqiqələr) bəs edib. Əliyev 35-ci dəqiqədə sarı vərəqə alması ilə yadda qalıb. Robertas meydana çıxandan sonra Ukrayna yığmasının lideri Andrey Şevçenko öz sözünü deyib. Belə ki, bir vaxtlar Avropanın ən yaxşı futbolçusu seçilən təcrübəli hücumçu 10 dəqiqəyə dubl edib.

Qeyd edək ki, Litva yığmasının baş məşqçisi Raymondas Jutautas bu görüşə Bakının “Neftçi” klubunun qapıçısı Paulius Qribauskası da çağırıb. Ancaq hər hissədə bir qapıçıya şans verən gənc çalışdırıcı Premyer Liqamızın iştirakçısını sona kimi ehtiyatda saxlayıb.