“Neftçi” autsayderə qarşı
26.05.2010 - 10:00
“Neftçi” autsayderə qarşı
İtaliyanın Arpino şəhərində keçirilən "Ciociaria World Cup-4" turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, Bakının “Neftçi” klubunun da 17 yaşlılardan ibarət komandasının iştirak etdiyi yarışda ilk turun oyunları baş tutub. D qrupunda mübarizə aparan təmsilçimizin ilk rəqibi Serbiyanın “Partizan” klubu olub. Ardıcıl üçüncü dəfə yarışa qatılan Belqrad təmsilçisi ilə görüş 1:1 hesabı ilə başa çatıb. 2008-ci ildə Arpino turnirin qalibi adını qazanan, ötən il isə heç qrup mərhələsini adlaya bilməyən “Partizan”la görüşdə hesabı Ruslan Tağızadə açıb. Lakin Rüfət Quliyevin yetirmələri qələbə hesabını qoruya bilməyib.

Qrupumuzda keçirilən digər matçda İtaliya klubları üz-üzə gəlib. “Bari” “Arpino” üzərində böyük hesablı qələbə qazanıb – 4:1. “Neftçi” bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq qarşılaşmada autsayderlə, yəni meydan sahibləri “Arpino” ilə üz-üzə gələcək.