Rednapp: Toni Adams Azərbaycana getməklə düzgün addım atıb
26.05.2010 - 10:39
Rednapp: Toni Adams Azərbaycana getməklə düzgün addım atıb
İngiltərə futbolunun əfsanələrindən sayılan Toni Adamsın “Qəbələ”nin baş məşqçisi təyin olunaraq karyerasını Azərbaycanda davam etdirməsi ilə bağlı Böyük Britaniyadakı müzakirələr davam edir.

Apasport.az saytının məlumatına görə, İngiltərə yığmasının sabiq futbolçusu Ceymi Rednapp da Adamsın qərarına münasibət bildirib. Karyerasının 11 ilini “Liverpul”, 3 ilini “Tottenhem”də keçirən məşhur Harri Rednappın oğlu həmyerlisinin düzgün addım atdığını düşünür: “İngiltərə Premyer Liqası gənc mütəxəssislərin çalışması üçün heç də rahat yer deyil. Toni Adamsı yaxşı başa düşürəm. “Portsmut” və “Uikomb”dakı uğursuzluqdan sonra Azərbaycana getmək ən düzgün seçim idi”.

Qeyd edək ki, 2005-ci ildə karyerasını bitirən 37 yaşlı Ceymi İngiltərə yığmasında 17 oyuna 1 qol vurub. Rednapp 1999-2002-ci illərdə “Liverpul”un, 2003-05-ci illərdə “Tottenhem”in kapitanı olub. O, 9 il əvvəl kapitan kimi UEFA kuboku və Superkubokunu başı üzərinə qaldırıb.