Milli komandamızın start heyəti: Foqts qapıçı seçimini etdi
26.05.2010 - 15:13
Milli komandamızın start heyəti: Foqts qapıçı seçimini etdi
Azərbaycan milli komandası Moldova yığması ilə bu gün Avstriyada keçirəcəyi yoldaşlıq görüşünə start heyəti məlumdur. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Berti Foqts müdafiə xəttində Rəşad Sadıqov, Vladimir Levin, Elnur Allahverdiyev və Maksim Medvedevə yer verəcək. Rəşadla Vladimir mərkəzdə, Elnurla Maksim müvafiq olaraq sol və sağ cinahda yer alacaq. Foqts dayaq yarımmüdafiəçisi mövqeyində Aleksandr Çertoqanovla Ruslan Abışovu oynadacaq.

Ruslanı “Neftçi”də müdafiənin mərkəzində görməyə adət etsək də, alman çalışdırıcı onu yığmada fərqli yerlərdə də sınayıb. Belə ki, Abışov milli komandamızda debüt etdiyi Finlandiya yığması ilə Lənkərandakı rəsmi oyunda müdafiənin sol cinahında yer alıb. Foqts Ruslana dayaq yarımmüdafiəçisi mövqeyində də yer verib ki, yenə belə etməyi düşünür. Yarımmüdafiənin sol və sağ cinahlarında Rauf Əliyevlə Mahir Şükürov çıxış edəcək. Mərkəzdə oyun qurucusu funksiyasını Elvin Məmmədov icra edəcək. Yeganə hücumçu isə son çempionatımızın bombardiri olan Fərid Quliyev olacaq.

Foqtsun əsas tərəddüdü qapı ilə bağlıdır. Belə ki, milli komandamızın “1 nömrə”si Kamran Ağayev olsa da, onun “Xəzər-Lənkəran”ın heyətində Azərbaycan kubokunun final oyununda uğursuz çıxışından sonra “çərçivə”də yer alacağı şübhə doğurur. Belə olan halda, Fərhad Vəliyevin qapıda dayanacağı gözlənilir.

Artıq Foqts qapıçıyla bağlı seçimini edib. O, Ağayevə üstünlük verməyi daha məqsədəuyğun sayıb.