Messini qabaqlayan tapıldı
26.05.2010 - 13:03
Messini qabaqlayan tapıldı
Beynəlxalq Futbol tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü 60 milli çempionatının ən məhsuldar futbolçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Ayaks” klubunun uruqvaylı hücumçusu Luis Suares 2010-cu ildə bitən çempionatların bombardirləri siyahısına başçılıq edir. Hollandiya çempionatının 33 turuna 35 qol vuran 23 yaşlı futbolçu İFFHS-ın siyahısında adlı-sanlı rəqiblərini kölgədə qoyub.

Argentina yığmasının “Barselona”dakı ulduzu Lionel Messi 34 qolla ikinci, İsveçrənin “Yanq Boyz” klubunda çıxış edən Kot divuarlı Saidu Doumbia 30 qolla üçüncü pillədə qərarlaşıb. Ən məhsuldar avropalı olan italiyalı Antonio Di Natale “Udineze”də vurduğu 29 qolla ümumi siyahıda 5-ci yerdədir.

Orta məhsuldarlığa görə də ilk üçlükdə eyni oyunçular qərarlaşıb. Suares hər matça 1,061, Messi 0,971, Doumbia 0,968 qol vurub.

Qeyd edək ki, Unibank Premyer Liqası 60 ən güclü çempionat sırasına daxil deyil. Çünki çempionatımız 2009-cu ilin yekunlarına əsasən 97-ci yerdədir. Hesablamalarda nəzərə alınan birinciliklərdən isə hələlik yalnız 23-nün nəticələri nəzərə alınıb.