Latviya yığmasının baş məşqçisinin “Bakı”ya gəlişi alınmadı
26.05.2010 - 14:07
Latviya yığmasının baş məşqçisinin “Bakı”ya gəlişi alınmadı
Latviya yığmasının baş məşqçisi Aleksandr Starkovun “Bakı” klubunu çalışdırmaq variantı baş tutmayıb. Bu haqda apasport.az saytına məlumat verən klubun baş meneceri Zeynal Məmmədov təcrübəli latviyalı mütəxəssislə danışıqların müsbət yekunlaşmadığını bildirib.

Məmmədovun sözlərinə görə, Starkov “Bakı”nın baş məşqçi postuna gəlmək istəsə də, sonda ortaq məxrəcə gəlinməyib: “Bu, heç də maddi məsələlərlə bağlı deyildi. Bəzi nüanslar oldu ki, onunla əməkdaşlığa imkan vermədi. Bildiyiniz kimi, Starkov uzun illərdir Latviya yığmasını çalışdırır. Milli komandasında fəaliyyətini davam etdirmək istəyən mütəxəssis öz federasiyasının prezidentini, ona güvənən insanları pis vəziyyətdə qoymaq istəmədi. Məşqçiyə eyni zamanda həm yığma, həm də klubda çalışmaq çətinlik yaradır. Artıq Starkov variantı alınmadığından, digər namizədləri nəzərdən keçiririk. Baş məşqçi məsələmizə 2-3 günə aydınlıq gələcək. Hazırkı türkiyəli çalışdırıcımız Cüneyt Biçərin gələcək taleyi də həmin vaxt bilinəcək. Baş məşqçi məsələsinə tam aydınlıq gətirəndən sonra heyətdəki dəyişikləri konkretləşdirəcəyik”.

Qeyd edək ki, bir vaxtlar da adı “Bakı” ətrafında hallanan Starkov Latviya yığmasının tarixində ən yüksək göstəriciyə - AÇ-2004-cü ilin final mərhələsinə vəsiqəyə imza atıb. Bundan sonra yığma ilə yollarını ayıran latviyalı çalışdırıcı Moskvanın “Spartak” klubu ilə Rusiya çempionatının gümüş medalını və Çempionlar Liqasına vəsiqə qazanıb.

Mehman SÜLEYMANOV