Mircavadovun transfer etmək istədiyi legioner məlum oldu
26.05.2010 - 14:45
Mircavadovun transfer etmək istədiyi legioner məlum oldu
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadovun transfer etmək istədiyi legioner məlum olub. Apasport.az saytının məAlumatına görə, təcrübəli mütəxəssis Azərbaycan çempionu olan latviyalı futbolçu Andrey Rubini sərəncamında görmək istəyir.

Mircavadov son iki ildə ölkəmizdə Bakının “İnter” klubunda sol cinah yarımmüdafiəçisi kimi çıxış edən 32 yaşlı legionerin xidmətində çox maraqlıdır. “Xəzər-Lənkəran”a bu mövqedə oyunçu lazımdır və Andreyin daim sabit çıxış etməsi 63 yaşlı çalışdırıcının diqqətini çəkib. Ötən mövsüm məcburiyyətdən bolqar hücumçu İvan Svetkovu bu mövqedə oynadan və narazı qaldığı üçün heyətdən kənarlaşdıran Mircavadov rəhbərlik qarşısında Rubinin transferi məsələsini qaldırıb.

Qeyd edək ki, uzun illərdir çıxış etdiyi Latviya yığmasında 100-dən artıq oyun keçirən Andrey Avro-2004-ün final mərhələsinin iştirakçısıdır. Ölkəmizə gələnədək İngiltərə Premyer Liqası və Moskva “Spartak”ındakı çıxışları ilə tanınan solaxay yarımmüdafiəçi 2 il ərzində əvvəl gümüş, sonra qızıl medal qazanıb.