“Mən Azərbaycanın ən böyük klublarından birinə transfer olmuşam” - FOTO
27.05.2010 - 23:08
“Mən Azərbaycanın ən böyük klublarından birinə transfer olmuşam” - FOTO
“Xəzər-Lənkəran”a qayıtmaq planlarıma daxil olsa da, bunun reallaşacağına ümidim az idi. Hansı klubda oynayacağımı fikirləşdiyim bir vaxtda "Xəzər-Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovdan zəng gəldi. Dedi ki, biz səni komandamızda görmək istəyirik. Cavabımda bundan yalnız məmnunluq hissi keçirəcəyimi söylədim. Beləcə, bizim anlaşmamız baş tutdu". Bu sözləri apasport.az saytına açıqlamasında "Xəzər Lənkəran"ın yeni transferi Xaqani Məmmədov deyib.

Məmmədov cənub təmsilçisinə azad agent kimi keçib. Belə ki, o, bir illik müqaviləsinin qüvvədə olmasına baxmayaraq, Bakının "İnter" klubundan transfer vərəqəsini alıb: "İnşallah, azad agent kimi müqaviləyə qol çəkəcəyəm. "İnter" transfer vərəqimi verməkdə problem yaratmadı".

Futbolçu ikinci dəfə qayıtdığı "Xəzər-Lənkəran"la bağlı planlarından da danışıb: "Mən Azərbaycanın ən böyük klublarından birinə transfer olmuşam. Vaxtilə 2 il oynadığım komandanın planlarından xəbərdaram. Lənkəranda ikincilik qəbul olunmur. Odur ki, cənub klubunun heyətində Azərbaycan çempionu və Premyer Liqanın bombardiri olacağam. Transferimi istəyən baş məşqçi Ağasəlim Mircavadovun etimadını qazanmaq üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, 34 yaşlı hücumçu 2004/06-cı illərdə "Xəzər-Lənkəran"ın heyətində çıxış edib. O, meydançaya çıxdığı 41 oyunda rəqib qapılarından 8 qol keçirib.