İlqar Qurbanov: Mən menecerlərə inanmıram
27.05.2010 - 19:30
İlqar Qurbanov: Mən menecerlərə inanmıram
“Mənimlə gündə bir menecer əlaqə saxlayır. Hər dəfə yeni bir klubun xidmətimdə maraqlı olduğunu deyirlər. Əlbəttə ki, bunların çoxuna inanmıram. Çünki maraqlı olan klub müraciət edər, danışıq aparar və işi tez bir zamanda yekunlaşdırar. Mən ehtimallara güvənmirəm. Hər hansı bir kluba keçmək üçün müzakirələr aparmaq və qərar çıxarmaq lazımdır". Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu İlqar Qurbanov deyib.

"Olimpik-Şüvəlan"ın heyətindən uzaqlaşdırılan 24 yaşlı yarımmüdafiəçi yeni klub tapmaq üçün sabah Türkiyəyə yollanacağını bildirib: "Adətən, yay tətilini ölkə xaricində keçirirəm. Bu il Türkiyədə olacağam. Çox güman ki, sabah Azərbaycandan gedəcəyəm. Əsas məqsəd gəzinti olsa da, yerli klublarla danışıq aparmağım mümkündür. Amma hələ heç kim məni danışıqlara dəvət etməyib. İnanıram ki, qarşıdakı günlər mənim üçün uğurlu alınacaq. Əvvəlki kimi əsas məqsədim yenə Azərbaycanda iddialı klubun formasını geyinməkdir".