Kamran Ağayevin etirafı: Səhvsiz insan olmur
28.05.2010 - 14:20
Kamran Ağayevin etirafı: Səhvsiz insan olmur
“Millət bilməsin ki, Kamran Ağayevdə ruh düşkünlüyü yaranıb. Düzdür, bir müddət əvvəl futbolla vidalaşmaq istədiyimi söyləmişdim. Bilirsiniz niyə belə demişdim? Əsəblərim yerində deyil. Çünki çox narkoz vurulduğundan, saçım tökülür ki, bu da mənə pis gəlir. Ailəmdə də problemlər var, çox fikirləşirəm. Bunları qabartmaqla, bütün futbolsevərlərə bildirmək istəyirəm ki, səhvsiz insan olmur”. Bu sözləri apasport.az saytının Avstriyaya ezam olunan müxbiri ilə söhbətində Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev deyib.

Milli komandamız hazırda Avstriyanın Sankt-Yohan şəhərində təlim-məşq toplanışındadır. Toplanış çərçivəsində yığmamız Moldova ilə yoldaşlıq görüşündə qüvvəsini sınadı. 1:0 hesabı ilə irəli olmağımıza baxmayaraq, moldovalılar ikinci hissədə standart vəziyyətdən bərabərlik topunu vurdu. Ağayev fasilədən sonra meydana çıxan moldovalı futbolçu Andrey Kojokarunun zərbəsinin gözə alındığını söyləyib: “Deyərdim ki, mən hələ karyeramda belə qol buraxmamışdım. Elə bil Roberto Karlos vurdu. Düzdür, səhv məndə idi. Çünki düzgün mövqe tutmamışdım. Amma həmin zərbəni dəf etmək olardı”.

Milli komandamızın kapitanı ölkə kubokunun “Bakı” ilə final matçında buraxdığı səhvə də toxunub: “Mən buna səhv deməzdim. Gözləmirdim ki, belə bir hal baş versin. Futbolun belə axmaq qaydaları da var. Həmin oyunda baş verənlərə görə ancaq özümə üzülürəm. Bir il çəkdiyim əziyyəti finalda yerə vurdum. Vallah, heç özümdən də bunu gözləməzdim. Yəni, mən belə səhv edərəm? Həmin vaxt mən başqa yerə baxırdım, topun oyuna daxil edilməsini görmürdüm”.